Həqiqətlə yalanı ayırmaq çətinləşib - Süni intelekt ciddi dəyişikliklər yaradır

Son dövrlər süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında ciddi dəyişikliklərə səbəb olub. Artıq foto və videolar yalnız reallığın əksi deyil, eyni zamanda süni şəkildə yaradılmış, lakin gerçək təsiri bağışlayan vizual materiallara çevrilib. Sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında yayılan bu cür saxta görüntülər cəmiyyətdə çaşqınlıq yaradır, informasiyaya olan etimadı zəiflədir və ictimai rəyin manipulyasiyasını asanlaşdırır. Bu proses süni intellektin həyatımıza sürətlə daxil olmasının qaçılmaz nəticəsi kimi daha geniş miqyas alır.
Məsələnin təhlükəli tərəfi ondadır ki, süni intellektlə yaradılmış saxta foto və videolar artıq birbaşa ictimai və dövlət maraqlarının müdafiəsi məsələsinə çevrilib. Xüsusilə siyasi proseslər, etiraz aksiyaları, təhlükəsizlik və beynəlxalq münasibətlərlə bağlı yayılan feyk vizuallar cəmiyyətdə yanlış təsəvvür formalaşdırır, sosial gərginliyi artırır və dövlət institutlarına etimadı sarsıda bilir. Belə məzmunlar informasiya mühitində nəzarətsiz yayıldıqda, ictimai sabitlik və milli təhlükəsizlik üçün real risklər yaradır.
Bu şəraitdə əsas sual belə formalaşır: ictimai və dövlət maraqlarının müdafiəsi naminə süni intellektlə yaradılan saxta foto və videoların təsirini azaltmaq, informasiya təhlükəsizliyini təmin etmək üçün hansı mexanizmlər və yanaşmalar inkişaf etdirilməlidir?
Sfera.az-a bu barədə açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında köklü dəyişikliklər yaradıb.
Onun sözlərinə görə, bu gün foto və videolar artıq yalnız real hadisələrin birbaşa əksi kimi qəbul edilmir:

“Süni intellekt vasitəsilə yaradılan vizual materiallar o qədər real təsir bağışlaya bilir ki, adi istifadəçi üçün onları reallıqdan ayırmaq getdikcə çətinləşir. Bu da informasiyanın düzgün qavranılması və etibarlılığı ilə bağlı yeni çağırışlar ortaya çıxarır. Hazırkı mərhələdə süni intellektlə yaradılmış saxta foto və videoları tam dəqiqliklə və avtomatik şəkildə ayırd edə bilən universal bir texnoloji həll mövcud deyil. Mövcud alətlər yalnız köməkçi xarakter daşıyır və hər zaman səhvsiz nəticə vermir. Generativ modellər inkişaf etdikcə vizualların texniki izləri daha da azalır, bu isə aşkarlama prosesini daha mürəkkəb edir. Bu səbəbdən informasiya mühitində əsas rol hələ də insan faktoruna məxsusdur. Jurnalistlər, redaktorlar, kontent istehsalçıları və ümumilikdə informasiya yayan bütün tərəflər mənbə yoxlamasına, kontekstin düzgün qurulmasına və vizual analiz bacarıqlarına xüsusi diqqət yetirməlidirlər. Videolarda səs ilə dodaq hərəkətləri arasındakı uyğunsuzluqlar, arxa fonda təbii olmayan hərəkətlər, işıq və kölgə balansındakı səhvlər, kadrlar arasında məntiqsiz keçidlər saxta məzmunun mümkün əlamətləri kimi qiymətləndirilə bilər. Eyni zamanda uzun, kəsilməz və sabit perspektivdən çəkilmiş videolar çox vaxt real görüntülərə daha yaxın olur. Bu cür vizuallar xüsusilə ictimai əhəmiyyət daşıyan mövzularda yayıldıqda təsir dairəsi daha da böyüyür”.
Mütəxəssis qeyd edib ki, siyasi proseslər, sosial hadisələr, təhlükəsizlik və beynəlxalq mövzularla bağlı yayılan yanlış və ya manipulyativ görüntülər cəmiyyətdə çaşqınlıq yarada, emosional reaksiyaları gücləndirə və informasiya mühitində etibarı zəiflədə bilər:
“Bu isə artıq təkcə texnoloji məsələ deyil, ictimai məsuliyyət məsələsinə çevrilir. Belə bir şəraitdə əsas yanaşma süni intellektin imkanlarını düzgün anlamaq və onunla işləmə mədəniyyətini formalaşdırmaqdır. Media sahəsində süni intellekt savadlılığı təkcə texniki bilik deyil, həm də tənqidi düşüncə, vizual oxu bacarığı və məlumatı kontekstdə qiymətləndirmə qabiliyyəti deməkdir. Oxucu və izləyici də istehlak etdiyi kontenti avtomatik olaraq qəbul etməməli, mənbəyə və təqdimat formasına diqqət yetirməlidir. Nəticə olaraq, süni intellektlə yaradılan vizual məzmunlar informasiya mühitinin yeni reallığıdır. Bu reallıqda əsas məsələ texnologiyanın mövcudluğu deyil, onun necə istifadə olunması və necə qavranılmasıdır. İnsan nəzarəti, peşəkar yanaşma və informasiya mədəniyyəti gücləndikcə, süni intellekt informasiya mühitində çaşqınlıq yaradan yox, düzgün idarə olunan və faydalı alət kimi öz yerini tapa bilər”.
Firuzə Əliyeva
Sfera.az
Mövzu: İctimai və dövlət maraqlarının müdafiəsi
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.



































