Qızılın qiyməti 5 000 dollar ola bilər - AÇIQLAMA

Əmtəə bazarlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 4 600 dollardır. Proqnozlara əsasən, bu il qiymətlərin 5 000 dollara yüksəlməsi gözlənilir.
Belə olduqda sual yaranır: qızılın qiymətinin bu səviyyəyə qədər qalxması realdırmı və belə bir artım qızıl-zinət əşyası bazarına necə təsir göstərəcək?
Sualımızı cavablandıran iqtisadçı ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin artmasının müxtəlif səbəbləri var.
Onun sözlərinə görə, dünyada baş verən qeyri-müəyyənliklər, Qərblə Şərqin və Cənubun mübarizəsi, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi, Amerika ilə Çin arasında birbaşa və dolayı gərginliklər, Rusiya-Ukrayna müharibəsi və Venesuela-ABŞ gərginliyi kimi hadisələr böyük bir prosesin tərkib hissəsidir:

“Qeyri-müəyyənlik artdıqca investorların qızıla marağı da yüksəlir və bu dövrlərdə qızıl diqqət mərkəzində olur. Bundan əlavə, faiz dərəcələrinin enməsi, ABŞ-da inflyasiyanın aşağı düşməsi və prezidentin təyziqləri faiz dərəcələrinin daha da azalacağını göstərir ki, bu da qızılın qiymətini artıran amillərdəndir. Qızılın qiymətinin 5 min dollara qədər çatması kifayət qədər realdır və təqribən 10 faizlik artım proqnozlaşdırılır. Lakin bu, əsasən dünyadakı qeyri-müəyyənliklər fonunda müəyyən olacaq”.
Ekspert qeyd edib ki, qeyri-iqtisadi faktorlar da qızılın qiymətində əhəmiyyətli rol oynayır:
“Dünya bazarında qızılın qiyməti artdıqda, zərgərlik məhsulları bazarında da qiymət yüksəlir, çünki istehsalda əsas xammal qızıldır. Əlbəttə, digər xərclər – zərgər haqqı, icarə, vergi və s. – də mövcuddur, amma əsas xərclər qızılın payına düşür. Əmtəə birjalarında qızılın qiymətinin qalxması zərgərlik məhsullarının qiymətinə birbaşa təsir edir və bu proses birmənalıdır”.
Niyaz Hacıyev
Sfera.az


































