Dəm qazından boğulma hallarını necə azaldaq? - Mütəxəssis RƏYİ

Dəm qazından boğulma hallarını necə azaldaq? - Mütəxəssis RƏYİ

Ölkədə artıq uzun illərdir ki, dəm qazından ölüm hallarında ciddi artım müşahidə olunur. Yaşından və cinsindən asılı olmayaraq çoxsaylı insanlar bu təhlükəli qazın təsiri nəticəsində həyatını itirir.

 

Bu cür faciəvi halların qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib hesab olunur.

 

Dəm qazından zəhərlənmə riskinin qarşısını almaq üçün vətəndaşlar hansı tədbirləri görməlidirlər? Xüsusilə vanna otaqlarında quraşdırılan su qızdırıcılarından (kalonka) qaz sızmasının qarşısını almaq üçün hansı təhlükəsizlik mexanizmləri mövcuddur?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza belə halların qarşısının alınması üçün, ilk növbədə, maarifləndirmə işi aparılmalı olduğunu bildirib. Mütəxəssis hesab edir ki, bu da həm medianın, həm təhsil ocaqlarının, həm də güc strukturlarının üzərinə düşür:

 

 

“Maarifləndirmə işi fərdi şəkildə aparılmalıdır. Yəni ailələrdə bu proses ailə başçıları tərəfindən həyata keçirilməlidir. Ona görə də birinci və əsas məsələ maarifləndirmədir. İkinci məsələ, təbii ki, təhlükəsizlik tədbirləridir. Bu həm vətəndaşların, həm də aidiyyəti orqanların üzərinə düşür. Avadanlıqların sazlığı, istifadə qaydaları və düzgün istismarı yoxlanılmalıdır”.

 

R. Rza əlavə edib ki, tədbirlər baxımından müəyyən işlər görülür:

 

“Amma görünən odur ki, bu yetərli deyil və daha da gücləndirilmiş iş rejimində fəaliyyət göstərmək lazımdır. Ləğv olunmasına gəldikdə isə, hazırkı vəziyyətdə bunların ləğv edilməsi mümkünsüz görünür. Buna görə də təhlükəsizlik mexanizmləri daha da artırılmalı, müasir mexanizmlər gətirilməli və mütəmadi olaraq yenilənməlidir”.

 

Fidan Hacızadə

Sfera.az


OXŞAR XƏBƏRLƏR