ABŞ-İran gərginliyi neft bazarına necə təsir edəcək? - AÇIQLAMA

ABŞ-İran gərginliyi neft bazarına necə təsir edəcək? - AÇIQLAMA

ABŞ-İran gərginliyinin yenidən artması, İranda davam edən etirazlar və Vaşinqtonun Venesuelanın neft ehtiyatları ilə bağlı addımları qlobal enerji bazarlarında qeyri-müəyyənliyi artırıb.

 

Adətən belə geosiyasi risklər neft qiymətlərinin yüksəlməsinə səbəb olsa da, son ticarət sessiyalarında qiymətlərin aşağı düşməsi diqqət çəkib.

 

Maraqlıdır, ABŞ-İran gərginliyinin artması uzunmüddətli perspektivdə neft qiymətlərinə necə təsir göstərə bilər?

 

Bu haqda Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə əsasən, ABŞ-İran gərginliyinin artması uzunmüddətli perspektivdə neft qiymətlərinə bir neçə istiqamətdə təsir göstərə bilər.

 

 

“Əgər gərginlik sanksiyaların sərtləşməsi, İran neftinin bazardan kənarda qalması və ya Hörmüz boğazı kimi strateji marşrutlarda risklərin artması ilə müşayiət olunarsa, bazarda risk ehtimalı yüksələ və bu da qiymətləri yuxarı itələyə bilər. Belə şəraitdə fiziki təklifin azalması və ya azalacağı gözləntisi qiymətlər üçün dəstək yaradır”.

 

Ekspertin fikrincə, bu təsir avtomatik və daimi olmur:

 

“OPEC+ ölkələrinin hasilatı artırmaq imkanları, ABŞ-də şist neftinin çevik istehsalı, eləcə də qlobal iqtisadi artımın zəifləməsi fonunda tələbin zəif qalması riski neytrallaşdıra bilər. Vaşinqtonun Venesuela kimi alternativ mənbələrlə bağlı addımları da bazara əlavə təklif siqnalları verərək qiymət artımını məhdudlaşdıra bilər. Uzun müddətdə enerji keçidi, səmərəlilik tədbirləri və alternativ enerji mənbələrinin payının artması geosiyasi şokların qiymətlərə təsirini daha çox dəyişkənlik formasında göstərir, davamlı yüksəliş kimi yox. Buna görə ABŞ-İran gərginliyi neft bazarında volatilliyi (qiymət dəyişkənliyini) artırsa da, qiymətlərin uzunmüddətli istiqaməti təkcə geopolitikadan deyil, qlobal tələb-təklif balansından və makroiqtisadi şəraitdən asılı qalacaq”.

 

Bəsti Rəfizadə

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR