İran böhranı risklər yaradır: "Qlobal inflyasiya güclənir"

İran böhranı risklər yaradır: "Qlobal inflyasiya güclənir"

İranda baş verən son hadisələr artıq təkcə bir ölkənin daxili böhranı kimi qiymətləndirilmir. Rialın sürətlə dəyər itirməsi, inflyasiyanın nəzarətdən çıxması və iqtisadi narazılığın siyasi gərginliklə üst-üstə düşməsi regiondan kənara daşan risklər yaradır. Xüsusilə enerji bazarları, qlobal tədarük zəncirləri və Hörmüz boğazı kimi strateji nöqtələr fonunda İran daxilindəki iqtisadi sarsıntı dünya iqtisadiyyatı üçün yeni qeyri-müəyyənlik mənbəyinə çevrilir. Artıq bazarlar baş verənləri faktlarla deyil, mümkün ssenarilərin yaratdığı risklərlə qiymətləndirir.


İranda dərinləşən valyuta və yaşayış xərci böhranı hansı mexanizmlərlə qlobal enerji qiymətlərinə, daşınma xərclərinə və ümumi inflyasiya gözləntilərinə təsir göstərə bilər və bu proses dünya iqtisadiyyatı üçün nə qədər davamlı risk yaradır?


Mövzu ilə bağlı Sfera.az-a aıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, İranda dərinləşən siyasi-iqtisadi böhran qlobal enerji və ticarət bazarları üçün real təklif itkisi deyil, təklifin risk altında qalması ehtimalına əsaslanan ciddi qeyri-müəyyənlik yaradır. 


Onun sözlərinnə görə, Hörmüz boğazından dünya neftinin 20–25%-nin keçməsi fonunda İran ətrafında artan geosiyasi gərginlik “Brent” və “WTI” qiymətlərinə geosiyasi risk premiyası əlavə edir, fyuçers və opsion bazarlarında volatilliyi yüksəldir:


“Rialın dəyərsizləşməsi və sanksiyalardan yayınma mexanizmlərinin bahalaşması İranın qeyri-rəsmi enerji ixracını daha qeyri-sabit edir. Paralel olaraq tanker sığortası, fraxt və “war risk premium” xərclərinin artması enerji, xammal və kimya daşımalarını bahalaşdırır, qlobal tədarük zəncirlərinə təzyiq göstərir.
Bu proseslər enerji qiymətləri vasitəsilə qlobal inflyasiyanı gücləndirir, mərkəzi bankların, FED, ECB və inkişaf etməkdə olan ölkələrin faiz endirimi imkanlarını məhdudlaşdırır. Nəticədə dünya iqtisadiyyatı üçün birdəfəlik şokdan çox, uzanan və dalğalı strateji risk mühiti formalaşır”.

 


A.İbrahimov nəzərə çatdırıb ki, Azərbaycan üçün də təsirlər, daha dəqiq desək, risk və imkanlar mövcuddur:


“Neft qiymətlərinin yüksəlməsi dövlət büdcəsi və Dövlət Neft Fondu gəlirlərini qısa müddətdə artıra bilər. Risk isə İrandan idxal olunan məhsulların bahalaşması daxili inflyasiya təzyiqlərini gücləndirə bilər”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR