Bakıda tramvay xətləri mərkəzdə cəmləşəcək - Səbəb nədir?

Bakıda tramvay xətləri mərkəzdə cəmləşəcək -<span style="color:#ff0000"> Səbəb nədir?</span>
Kateqoriya məlum deyil10.09.25, 09:3936 👁️
T

Bakı şəhərində yenidən salınacaq tramvay xəttinin sxemi açıqlanıb. Sxemdən görünür ki, tramvay xətti əsasən şəhərin mərkəz hissəsini əhatə edəcək. Eyni zamanda, metro xəttinin inkişaf planında da diqqət əsasən mərkəz zonalarına yönəldilib və əlavə stansiyalar ilk növbədə şəhərin mərkəzində inşa olunacaq. 


Lakin sakinlərin böyük qismi şəhər ətrafı, mərkəzdən uzaq ərazilərdə yaşayır. Nəyə görə tramvay xətləri məhz mərkəzdə qurulacaq?


Nəqliyyat eksperti Aslan Əsədov Sfera.az-a açıqlamasında bildirib ki, tramvayların salınması əsasən turistik məqsədlərə xidmət edir: 


“Tramvaylar və tralyebuslar şəhərin ənənəvi nəqliyyat sisteminin xarizmasını təşkil edir və şəhərin mərkəzində hərəkət mexanizmi həm vizual, həm də tarixi ab-hava yaradır. Bu nəqliyyat vasitələri şəhərin turizm potensialını artırır və həm yerli sakinlər, həm də qonaqlar üçün cəlbedici bir elementdir. Yəni tramvayların əsas əhatə dairəsinin mərkəz zonası olması təsadüfi deyil, bu, bir urbanistik və turistik yanaşmadır”.

 


Ekspert əlavə edib ki, metro şəbəkəsinin genişləndirilməsi isə fərqli prinsiplərlə aparılır: 


“Bakı şəhərinin metro şəbəkəsi 1990-cı illər və 2000-ci illərin əvvəllərində oturuşmuş baza sistemi üzərində formalaşıb. Bu baza əsasən köhnə, inşa olunmuş və sıx məskunlaşmış əraziləri əhatə edir. Yeni yaşayış massivləri və qəsəbələr isə şəhərin perimetral zonalarında inkişaf edir və urbanizasiyanın səviyyəsi yüksək olduqca bu ərazilərə daxili miqrasiya da artır. Bu baxımdan, metro şəbəkəsi üçün ilkin fokus mərkəzə yönəldilir, çünki orada həm yüksək sərnişin axını, həm də infrastruktur imkanları mövcuddur”.


Əsədov həmçinin gələcək planlar barədə danışıb:


“2040-cı ilə qədər nəzərdə tutulmuş baş plan açıq şəkildə göstərir ki, şəhərin hansı zonalarında yeni metro stansiyaları və nəqliyyat infrastrukturu inşa olunacaq. Yaxın gələcəkdə tramvayların əhatə dairəsi əsasən mərkəzdən kənara çıxmasa da, tralyebuslar vasitəsilə ətraf zonaların əhatə olunması mümkündür. Bu, şəhərin nəqliyyat sisteminin həm tarixi-mədəni, həm də funksional ehtiyaclarını balanslaşdırmaq məqsədilə aparılan bir siyasətdir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...