Son günlər sosial mediada geniş müzakirələrə səbəb olan mövzulardan biri idmançı Kamil Zeynallının Tailand səfəri zamanı kobra ilanının qanını içməsi görüntüləridir. Sözügedən kadrlar izləyicilər arasında böyük maraq doğurub və müxtəlif reaksiyalarla qarşılanıb.
Bəzi izləyicilər bu addımı qeyri-adi cəsarət nümunəsi kimi dəyərləndirsələr də, digərləri bunun sağlamlıq baxımından təhlükəli ola biləcəyini bildiriblər. Çünki ilan qanının insan orqanizminə təsiri barədə tibbi cəhətdən birmənalı fikir yoxdur.
Məsələyə dini baxımdan yanaşaraq islam dinində heyvan qanının içilməsinin hansı hökmlə qiymətləndirildiyini və bunun günah hesab edilməsi ilə bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri bildirib ki, islam dini müsəlmanlar üçün qidalanma qaydalarını aydın şəkildə müəyyənləşdirib.
Onun sözlərinə görə, qan və bir sıra digər məhsullar İslamda haram hesab olunur:
“Qan, leş, donuz əti, Allahın adı ilə kəsilməyən heyvanlar, boğulmuş, döyülmüş, hündür yerdən yıxılıb ölmüş, buynuzlanmış və ya yırtıcı heyvan tərəfindən parçalanaraq yeyilmiş heyvanlar müsəlmanlar üçün qadağandır. Bu qadağalar həm dini qaydaların qorunmasına, həm də insan sağlamlığının təmin edilməsinə xidmət edir”.
Bununla yanaşı infeksionist Mərdan Əliyev isə vurğulayıb ki, heyvanlarda həm virus, həm də bakterial mənşəli müxtəlif xəstəliklər mövcuddur:
“Bu cür xəstəliklər zoonoz xəstəliklər adlanır. Heyvan qanının içilməsi zamanı həmin mikroblar, viruslar və bakteriyalar insan orqanizminə keçərək müxtəlif xəstəliklərə səbəb ola bilər”.
Qeyd edək ki, dünya alimləri heyvan qanının insan sağlamlığına təsiri ilə bağlı fərqli nəticələr açıqlayıblar.
Bəzi ölkələrdə donuz qanından hazırlanan xüsusi məhsullar (donuz və ya mal qanından hazırlanan kolbasa növü) zülal, dəmir, vitamin K və digər qida maddələri ilə zəngin hesab olunur. Tədqiqatçılar bildirirlər ki, bu cür bişmiş qan məhsulları anemiya ilə mübarizədə və yaddaş gücləndirilməsində faydalı ola bilər.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, xam heyvan qanının qəbulu çox təhlükəlidir. Xüsusilə Asiyanın bəzi bölgələrində istehlak edilən xam donuz qanı Streptococcus suis kimi bakteriyalar vasitəsilə meningit və sepsisə yol aça bilər. Bundan əlavə, qan vasitəsilə hepatit, HIV və digər yoluxucu xəstəliklərin keçmə riski yüksəkdir.
Araşdırmalarda həmçinin tibbi sahədə heyvan qanının istifadəsinə də diqqət çəkilib. Məsələn, atnalı xərçəngin qanından əldə edilən xüsusi maddə dərmanların və tibbi avadanlıqların steril olub-olmadığını yoxlamaq üçün istifadə olunur. Həmçinin sümüksoran (zəli) terapiyası və bəzi yarasa növlərindən əldə edilən preparatlar müasir tibbdə tətbiq edilir.
Ekspertlər yekun olaraq bildirirlər ki, bişmiş və gigiyenik şəraitdə hazırlanmış qan məhsulları qida baxımından faydalı ola bilər, lakin xam heyvan qanının qəbulu insan həyatı üçün ciddi təhlükə yaradır.
Fidan Hacızadə
Sfera.az