Çinin gizli şəkildə Rusiyanı silahlandırdığı iddia olunur. Belə ki, aparılan araşdırmalar göstərib ki, Çin şirkətləri 2023-2024-cü illər ərzində sanksiya altındakı Rusiya firmalarına hərbidə istifadə oluna biləcək ən azı 55 milyon avro dəyərində detalları və materialları tədarük ediblər. Bu məbləğin təxminən dörddə biri - 12,5 milyon avro - Tatarıstandakı xüsusi iqtisadi zonada yerləşən, İran istehsalı olan "Shahed" dronlarını yığan müəssisələrə göndərilib.
Çindən ixrac edilən məhsullar arasında təyyarə mühərrikləri, mikrosxemlər, metal ərintiləri, kamera obyektivləri, şüşə lif (fiberglass) üçün birləşdirici maddələr və karbon liflər yer alır - bunların hamısı dron istehsalı üçün vacib komponentlərdir. Araşdırmalar nəticəsində Çinin 97 təchizatçı şirkəti müəyyən edilib.
Maraqlıdır, Çinin bu addımla əsas məqsədi nədir? ABŞ-yə qarşı Rusiya-Çin cəbhəsinin əsas maraqları nələrdir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, Çinlə Rusiya arasında illərdir strateji tərəfdaşlıq mövcuddur.
Onun sözlərinə görə, ABŞ-yə qarşı Rusiya-Çin birliyi mövcuddur:
“Bu əməkdaşlıq Rusiya-Ukrayna müharibəsindən sonra daha da dərinləşməyə başladı. Rusiyanın müharibədən sonra Avropaya enerji və qaz tədarükü həyata keçirilə bilmədiyinə görə məcburən digər bazarlara istiqamətlənib. İki ölkə arasında “Sila Sibir” qaz layihəsi var, hazırda “Sibirin Gücü – 2” layihəsi razılaşdırılıb. İki gün öncə bu barədə razılaşma əldə olunub. Bu layihə çərçivəsində Rusiya hər il Çinə 50 milyard kub metr qaz tədarükü həyata keçirəcək. Bu həm Çinin enerji maraqlarına uyğundur, həm də geosiyasi aspektlər də var. Çin çox gözəl bilir ki, ABŞ onu əsas geosiyasi rəqibi olaraq görür. ABŞ-də son 15-20 ildə bu fikir formalaşıb. Çinin güclənməsi və dünya lideri olması heç bir halda ABŞ-nin maraqlarına uyğun deyil. Bu səbəbdən ABŞ Çinin möhkəmlənməsinə mane olmağa çalışır. Bu məsələdə Rusiya ilə Çinin maraqları üst-üstə düşür. Ona görə də Çin Rusiyaya əvvəlkindən də çox yardım etməyə davam edir. Çinin Rusiyaya texnoloji detallar göndərməsi təəccüb doğurmamalıdır. Rusiyanın Tatarıstanda dronlar istehsal edən zavodu yerləşir. Bu zavodda Çindən göndərilən detalların istifadəsi istisna olunmamalıdır. Məhz bu səbəbdən Avropa İttifaqı son sanksiyalar paketinə həm də Çin şirkətlərini əlavə edib. ABŞ-yə qarşı Rusiya-Çin birliyi var. Belə ki, Çinin əsas problemlərindən biri Tayvan məsələsidir. Bunun həllində ən böyük əngəl isə ABŞ-nin Tayvana dəstək göstərməsidir".
Politoloq Çin-Rusiya yaxınlaşmasının tarixi mərhələlərindən də söz açıb:
“Daha sonra 1960-cı illərdə Sovet İttifaqı və Çin arasında nüvə proqramı ilə bağlı narazılıq yarandı. Bu narazılıq hətta müharibə səviyyəsinə gətirib çıxardı. İki ölkə arasında Damanski adaları uğrunda müharibə baş verdi. 1970-ci illərin əvvəlidə ABŞ bu vəziyyətdən maksimum yararlanaraq Çini bir növ öz tərəfinə çəkməyə nail oldu, ABŞ-Çin münasibətlərində normallaşma yaşandı. İndi də Tramp administrasiyasının əsas strategiyaları içərisində Rusiya-Çin arasında hansısa gərginlik yaradılması və onların uzaqlaşdırılması yer almaqdadır ki, bunun hazırda ciddi nəticə verəcəyi inandırıcı deyil. Çünki indiki vəziyyətdə Rusiya üçün Çin daha vacibdir. Çinin də ABŞ-nin hegemonluğuna qarşı müqavimət göstərə bilmək üçün Rusiya ilə əməkdaşlığa ehtiyacı var. Bu, o demək deyil ki, Rusiya-Çin əlaqələri sarsılmazdır və davamlı olacaq çünki bu iki ölkə arasında bir-birinə qarşı ehtiyat mövcuddur. Qonşu dövlətlərdir və heç biri digərinin güclənməsini istəmir”.
Firuzə Əliyeva
Sfera.az