Türkiyədə Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli atılmağa hazırlaşır. Bu layihə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır, çünki Zəngəzur dəhlizinin açılmasından sonra Bakıdan çıxan qatarlar birbaşa Qarsa, oradan isə Avropaya qədər hərəkət edə biləcək.
Hazırda fəaliyyət göstərən Bakı-Tiflis-Qars xətti regionun əsas nəqliyyat dəhlizi rolunu oynayır.
Lakin yeni marşrutun işə düşməsi bu xəttin gələcək səmərəliliyi ilə bağlı müəyyən sualları gündəmə gətirir: Bakı-Tiflis-Qars xətti ikinci plana keçəcəkmi, yoxsa iki yol paralel şəkildə yükdaşımaları gücləndirəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Bakı-Tiflis-Qars xəttinin əhəmiyyəti heç azalmayacaq.
Onun sözləriə görə, alternativ marşrutların olması hər zaman müsbət haldır:
“Yükdaşımaların öz alqoritmi olur. Sifarişçilərin Bakı-Tiflis-Qars xətti ilə bağlı öz sifarişləri ola bilər. Bu xəttin əhəmiyyəti təmamilə azala bilməz. Sadəcə müəyyən bölgülər ola bilər”.
Ekspertin fikrincə, gələcəkdə sifarişlər daha çox olarsa, hər iki yolun maksimal yüklənməsi ilə daşımaların həyata keçirilməsi mümkündür:
“Bu, Azərbaycanın da, yük göndərən ölkələrin də imkanlarını artırır. Digər ölkələr hansı yolun daha səmərəli, ucuz, sürətli və təhlükəsiz olduğuna fikir verəcəklər. Alternativlərin olması bu bölgədəki logistlik xəttlərə marağı artıran faktora çevirə bilər”.
Firuzə Əliyeva
Sfera.az