Türkdilli dövlətlərin Zirvə görüşünün tarixi əhəmiyyəti – “Əməkdaşlıq daha güclü platformaya keçəcək\"

Türkdilli dövlətlərin Zirvə görüşünün tarixi əhəmiyyəti – “Əməkdaşlıq daha güclü platformaya keçəcək\
Xəbər verdiyimiz kimi, martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) videokonfrans vasitəsilə qeyri-rəsmi Zirvə Görüşü  keçirilib. Türk dövlətlərinin siyasi, hərbi və iqtisadi birliyi çağdaş zamanın tələbi, tarixin diqtəsidir. Qarşılıqlı etimadın, dostluğun və əməkdaşlığın genişlənməsi Türk dövlətlərini bu istiqamətdə daha ciddi addımlar atmağa yönəldir. Bu baxımdan dünənki  Zirvə Görüşünün əhəmiyyəti bir daha gündəmə gəlir.

Sfera.az xatırladır ki, TDƏŞ və ümumiyyətlə türkdilli dövlətlər arasında inteqrasiya proseslərinin sürətlənməsində Prezident İlham Əliyevin müstəsna rolu var. Azərbaycan lideri hakimiyyətə gələndən bugünə qədər bu dövlətlər arasında birliyin güclənməsinə töhfələr verib. Nəticədə, Azərbaycan Mərkəzi Asiya ilə Türkiyə, Mərkəzi Asiya ilə Avropa arasında körpüyə çevrilib. Eyni zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 31 martda videokonfrans vasitəsiə keçirdiyi qeyri-rəsmi Zirvə Görüşü türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürüdür.

Bununla bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı saytımıza açıqlamasında ötən gündən bu günə qədər türkdilli dövlətlərin hər keçirilən zirvə toplantısında böyük inkişaf olduğunu və şuraya daxil olan dövlətlər arasındakı qardaşlığı, dostluğu daha da gücləndirdiyini bildirib:

"Ölkə başçısı da qeyd etdi ki, ötən il pandemiya ilə əlaqəli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəkənar Zirvə görüşü video formatda keçirildi. Hətta həmin videokonfransın tarixi əhəmiyyəti və rolu var idi. Bu ilki görüş də eyni missiyanı daşıdı. Ötən dövrləri təhlil edən zaman görürük ki, Türkmənistan artıq bu şurada müşahidəçi kimi iştirak edir. Hətta Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəp Tayyip Ərdoğan da öz çıxışında növbəti dəfə Türkmənistanın üzv kimi iştirak etməsini qeyd etdi. Yaxud Macarıstan bilirsiniz, bu şurada müşahidəçi kimi iştirak edir. Yəni bu, gələcəkdə türkdilli dövlətlərin əməkdaşlığının güclü platformaya keçəcəyinə tam zəmin yaradır.

Prezident İlham Əliyev çıxışında gözəl məqamlara toxundu. Ölkə başçısı Azərbaycanın qazandığı qələbədə təkcə öz torpaqlarını azad etmədiyini, eyni zamanda qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını, bunun böyük əhəmiyyətə malik olduğunu da bildirdi. Hətta dövlət başçısı bunu obrazlı ifadə etdi və dedi ki, vaxtilə Sovet dövründə bolşevik erməniləri, onları dəstəkləyənlərin səyi ilə Zəngəzuru Ermənistana vermişdilər. Prezident Zəngəzurun işğalını Türk Dünyasına vurulan xəncər kimi qeyd etdi. Bu baxımdan Zəngəzur dəhlizi Orta Asiyada olan türk toplumu ilə əlaqələrimizin güclənməsində ciddi rol oynayacaq. Xüsusilə də Türkiyə - Azərbaycan və Xəzər dənizi vasitəsilə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan. Hesab edirəm ki, bu əlaqələr yaxın gələcəkdə daha yüksək səviyyədə olacaq. Necə ki, Azərbaycan Türkiyə arasında bu gün elə bir sahə yoxdur ki, orada yüksək əlaqələrimiz olmasın. Artıq bilirsiniz, bu gündən etibarən Azərbaycandan Türkiyəyə, o cümlədən əks istiqamətə, vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Əminəm ki, qısa müddət ərzində Azərbaycanla Orta Asiyada yerləşən türk cümhuriyyətləri ilə əlaqələr də bu səviyyədə olacaq”.

M.İbrahimqızı həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının gələcəyi ilə bağlı gözləntilərindən də söz açıb:

"Biz Azərbaycan ictimaiyyəti olaraq, 44 günlük Vətən Mübaribəsində Türkiyənin Azərbaycanı yüksək səviyyədə dəstəklədiyi kimi, digər ölkələrin – Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın da bu cür addım atmasını gözləyirik. Ölkə başçısı çıxışında müharibə başlayanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu haqlı davada Azərbaycanı dəstəklədiyini bildirmişdi. Amma Azərbaycan cəmiyyəti gözləyir ki, digər türkdilli ölkələrlə münasibət eynilə Türkiyə-Azərbaycan arasındakı əlaqələr kimi olsun. Arzu edərdik ki, Ərdoğanın Şuşaya olacaq səfəri fonunda türk konseyinə daxil olan, türk dilində danışan bu dövlətlərin başçıları da görüşlərdə bərabər iştirak etsinlər”.

Qeyd edək ki, Zirvə Görüşündə Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev də iştirak ediblər.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR