“O müəllimlər Təhsil nazirliyi rəhbərliyinin nə qohumu, nə də tələbəsi deyil” - Ceyhun Osmanlı
Təhsil
22:35 / 04.01.2019
4987
5 dekabr 2018-ci il tarixdə Təhsil İnstitutunun təşkilatçılığı və müvafiq rayon (şəhər) Təhsil şöbələrinin (idarələrinin) dəstəyi ilə "İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib. Müsabiqə imtahanları riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə təşkil olunub.
"İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsində əsas məqsəd şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsi istiqaməsində töhfə verəcək müəllimlərin müəyyənləşdirilməsi, onların olimpiadalara hazırlıq prosesinə cəlb edilməsindən ibarətdir.
Lakin imtahan başa çatdıqdan sonra sosial şəbəkədə müxtəlif fikirlər səslənməyə başladı.
Ekspert Qubad İbadoğlu özünün feysbuk səhifəsində "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində riyaziyyat müəllimlərinin 99 faizinin, kimya müəllimlərinin 95 faizinin, fizika müəllimlərin 94 faizinin, informatika müəllimlərinin 90 faizinin, biologiya müəllimlərinin isə 49 faizinin test suallarının yarıdan çoxunu düzgün cavablandırmadığını bildirmişdi: "Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?"
Ekspert Qubad İbadoğlu bu statusu ətrafında geniş ajotaj yarandı. Müxtəlif fikirlər səsləndirildi. Məsələyə Təhsil Nazirliyi də öz münasibətini bildirdi. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bu məsələ ətarafında yaranan ajotajı şou adlandırdı.
"Təəssüflər olsun ki, bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışan şəxslər var. Dünyanın qabaqcıl ölkələrində aparılan araşdırmalara görə, xüsusi istedadlı şagirdlər bütün şagirdlərin 2 faizini təşkil edir. Bu şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edir. Ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir” – C.Valehov bildirib.
Məsələyə münasibət bildirənlərdən biri də sabiq millət vəkili,Odlar Yurdu Universitetinin prorektoru Ceyhun Osmanlı olub. Ceyhun Osmanlı sosial şəbəkədəki hesabından imtahanlar haqqında belə yazıb:
Təhsil Nazirliyinin olimpiada hazırlığı ilə bağlı müəllim seçimi üçün keçirdiyi imtahanlara kölgə salmaq niyyətləri, xüsusən də bu vəziyyətdən istifadə edərək nazirlik rəhbərliyini tənqid etmək cəhdlərini ədalətsiz hesab edirəm.
Niyə?
1. İstedadlı şagirdə istedadlı müəllim dərs deməlidir! Əgər biz indidən yüksək istedadlı şagirdlərlə sistemli işləmək istəyiriksə, həmin şagirdləri bütün ixtisaslar üzrə, xüsusilə də dünya olimpiadalarının keçirildiyi 5 fənn üzrə xüsusi istedadlı müəllimlər hazırlamalıdır.
2. Olimpiada hazırlıqlarının olacağı bəzi məktəblərə şagirdlər imtahanla qəbul edilir. Həqiqətən də nazirlik bu imtahanları şəffaf şəkildə keçirir. Əgər şagird seçimlə qəbul edilirsə niyə görə o şagirdə dərs deyəcək müəllim seçilməməlidir. Tam əksinə! Seçilməlidir və çox ciddi seçilməlidir! Hər bir şagird, hər bir övlad önəmlidir, ona görə də müəllim seçimi məsələsi gündəmdə ciddi olmalıdır. Bu yaxında özəl məktəblərdən biri öz müəllim kontingentini yeniləmək üçün 2000-dən çox müəllimin arasından müsabiqə ilə bir neçə müəllim seçdi. Bunun nəyi pisdir ki və niyə ajiotaja səbəb olmadı? Eyni səmimi seçimi dövlət orqanı edəndə bu niyə ajiotaja səbəb olur?
3. O müsabiqədə iştirak edən heç bir müəllim Təhsil nazirliyi rəhbərliyinin nə qohumu, nə də tələbəsi deyil ki, onlardan az bal toplayanların uğursuzluğu nazirliyin adına yazılsın. Necə ki, çox bal toplayanların uğurunu heç kim nazirliyin uğuru olaraq görmür...
4. Müsabiqənin nəticələrini bəzi şəxslər elə təqdim edir ki, elə bil hardansa məxfi sənəd tapıblar. Nəticələri əldə etmişiksə deməli nazirlik özü bunu paylaşmağın əleyhinə olmayıb. Məqsəd nəticəni ört-bastır etmək olsaydı heç birimiz xəbər tutmazdıq. Demək nazirlik problemlərə göz yummaqdansa, nəticələri ictimai müzakirəyə çıxarır və səmimi şəkildə çıxış yolu axtarır.
5. Söhbət əgər olimpiadalara övladlarımızı hazırlayacaq müəllimlərdən gedirsə təbii ki, seçim çox ciddi olmalı idi və suallar da asan olmamalı idi ki, ən yaxşı müəllimlər seçilə bilsin! Kimsə söz vermişdi ki, suallar asan olacaq? Mürəkkəb suallar olanda kimlərinsə müsabiqədən aşağı bal toplaması da labüddür. Pis nəticə varsa bu həmin pis nəticəni toplayanın öz günahıdır. Ancaq o zaman nazirliyi tənqid etmək olar ki, pis nəticə toplayan müəllimə olimpiada hazırlığı tapşırılsın. Belə hal isə ortada yoxdur.
6. Hər bir yeni təşəbbüsə hər zaman fərqli yanaşmalar olur. Son nəticədə gündəmdə olan məsələnin fəlsəfəsi istedadlı balalarımızın üzə çıxması üçün nazirliyin səy göstərməsidir. Təşəbbüs göstərməsəydilər daha mı yaxşı olardı?
7. Hər zaman qeyd etdiyim bir faktı bir daha xatırlatmaq istəyirəm. Bəzən eyni parta arxasından məzun olmuş 2 şagirdin biri TQDK imtahanında 700 və ona yaxın bal, digəri isə hətta 100 və ondan aşağı bal toplaya bilir. O insanlara eyni müəllimlər dərs deyib illər ərzində... Lakin Avropada bir çox ölkələrdə məktəb şagirdlərinin 12 il ərzində bir neçə dəfə klassifikasiyası aparılır. Ən istedadlı şagirdlərə ən istedadlı müəllimlər dərs deyir. İstedadlılar xüsusi statuslu məktəblərdə təhsil alır. Günün birində o şagirdlərdən Nobel mükafatçıları, dünya sənaye və texnologiya liderləri meydana gəlir. Bizim də buna haqqımız var. Ona görə də müsbət təşəbbüsləri boğmamalı, əksinə dəstəkləməliyik.