Bu gün imtahan var


Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilir.

 

Sfera.az xəbər verir ki, imtahan Bakı şəhərində DİM-in Elektron imtahanlar korpusunda və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkil olunub.

 

DİM-dən bildirilib ki, Bakıda 111, Naxçıvanda isə 3 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

 

İmtahanda iştirakçılara 30 qapalı tipli test tapşırığı təqdim olunur. Onlardan 10-u musiqi nümunələrinin təyin edilməsinə, 20-si isə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığına, müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasına həsr edilib. Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır.

 

İmtahan saat 16:00-da başlayır və 1 saat davam edəcək. Abituriyentlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasında olmalıdırlar. Binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənəd və buraxılış vərəqəsi təqdim olunmalıdır. Şəxsiyyət vəsiqəsi olmayan şəxslər notarial təsdiqli surət, ümumvətəndaş pasportu, əcnəbilər üçün miqrasiya vəsiqəsi, qaçqın statusuna malik şəxslər isə qaçqın vəsiqəsi təqdim etməlidirlər. Sənədsiz abituriyentlər imtahana buraxılmayacaq.

 

İmtahan binasına mobil telefon, ağıllı saat, digər elektron cihazlar, konspekt, lüğət, çanta, məlumat kitabçası və xarici yaddaş qurğuları gətirmək və istifadə etmək qəti qadağandır.

 


OXŞAR XƏBƏRLƏR