Bağlanacaq məktəblərdə işləyən şəxslərin aqibəti necə olacaq? - AÇIQLAMA
Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır. Hər məktəbdə ən azı bir direktor, bir müəllim və bir texniki işçi olduğunu nəzərə alsaq, minumum hesabla 4 mindən çox şəxsin işini itirməsindən söhbət gedir. Müəllim və texniki işçilər digər məktəblərə köçürülsə belə, hər məktəbdə ancaq bir direktor ola bilər, buna görə də 1500 direktor işsiz qalmaqla üz-üzədir.
Maraqlıdır, həmin məktəblərdə işləyən şəxslərin aqibəti necə olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin bağlanması ilə bağlı verilən qərar həm təhsil sisteminə, həm də bu məktəblərdə işləyən insanların həyatına ciddi təsir göstərəcək:
“Təxminən 1500 məktəbin bağlanması yalnız şagirdlərin təhsilə çıxışına mənfi təsir etməyəcək, eyni zamanda bu məktəblərdə çalışan müəllimlərin, texniki işçilərin və direktorların işsiz qalma təhlükəsini də gündəmə gətirəcək. Bu, minlərlə ailənin gələcək rifahını təhlükə altına salan ciddi bir sosial məsələdir.Rəsmi açıqlamalarda xərclərin optimallaşdırılması əsas səbəb kimi göstərilsə də, bu prosesin arxa planında insan taleləri dayanır. Bağlanacaq məktəblərin direktorlarının böyük əksəriyyəti işsiz qalacaq. Direktorların işsiz qalması yalnız şəxsi faciə deyil, həm də onların uzun illər ərzində əldə etdikləri peşəkar təcrübənin itirilməsi deməkdir. Bu insanlar illərlə təhsil sahəsində çalışıb, idarəetmə təcrübəsi toplayıblar. Onların işsiz qalması həm təhsil sistemi üçün itki, həm də sosial problemlərin artması deməkdir. İşsizlik psixoloji gərginlik, sosial statusun itirilməsi və iqtisadi çətinliklərlə müşayiət olunur. Bu problemlər ailələrə də təsir edərək daha geniş sosial çətinliklərə yol aça bilər”.
Ekspert qeyd edib ki, bu qərar müəllimlərin və texniki işçilərin də aqibətini qeyri-müəyyən vəziyyətə salır:
“Nəzəri olaraq, onlar başqa məktəblərə köçürülə bilər, lakin bu prosesin necə və hansı şərtlərlə həyata keçiriləcəyi müəyyən deyil. Məsələn, yaxınlıqda alternativ məktəbin olmaması və ya köçürüləcək məktəbdə vakansiyaların məhdud olması bu işçilərin də işsiz qalması riskini artırır. Xüsusilə kənd yerlərində bağlanacaq məktəblərin işçiləri üçün yeni iş yerlərinin tapılması daha da çətin ola bilər, çünki bu bölgələrdə iş imkanları onsuz da məhduddur”.
Onun sözlərinə görə, bu proses həm də yerli icmaların sosial strukturunu zədələyə bilər:
“Məktəb bir kənd və ya icmanın sosial və mədəni mərkəzi rolunu oynayır. Məktəb bağlandıqda yalnız şagirdlər və işçilər təsirlənmir, eyni zamanda bütöv icma dinamikası pozulur. İcma məktəbi itirdikdə, həmin ərazidən insanların köç etmə ehtimalı artır, bu isə həmin bölgənin tənəzzülünə səbəb ola bilər”.
K.Əsədov vurğulayıb ki, bütün bu problemlərin qarşısını almaq üçün bağlanacaq məktəblərin işçiləri üçün konkret və ədalətli bir plan hazırlanmalıdır:
“İlk növbədə, bağlanan məktəblərin işçilərinin iş yerlərinin alternativ variantlarla təmin olunması prioritet olmalıdır. Müəllimlər və texniki işçilər digər məktəblərdə vakansiyalar əsasında yerləşdirilə bilər, lakin bu proses şəffaf və ədalətli şəkildə həyata keçirilməlidir. Direktorlar üçün isə xüsusi proqramlar tətbiq edilməlidir. Məsələn, onların təhsil sahəsində başqa rəhbər vəzifələrə keçməsi və ya peşəkar inkişaf proqramlarına cəlb olunması təmin edilməlidir.Bağlanma prosesi zamanı bütün maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı və insan talelərini nəzərə alan qərarlar qəbul edilməlidir. Təhsil sahəsi təkcə iqtisadi optimallaşdırma ilə deyil, həm də insan amilinin qorunması ilə idarə olunmalıdır. Məktəblərin bağlanması zəruri görünə bilər, amma bu proses yalnız maliyyə qənaəti üçün deyil, həm də cəmiyyətin gələcəyini qorumaq üçün diqqətlə planlaşdırılmalıdır. Təhsilin dayağı olan müəllimlər, direktorlar və texniki işçilər bu prosesdə unudulmamalıdır. Unutmayaq ki, məktəbin bağlanması yalnız bir binanın qapısının bağlanması deyil, həm də minlərlə insanın həyatına toxunan bir qərardır”.
Firuzə Əliyeva