\"Minadan da təhlükəli olan bu şəxslər illərdir, millətin balasını zəhərləyiblər...\" - Ekspertdən SƏRT SÖZLƏR

\

Dünən təkrar sertifikasiya imtahanının ilkin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyatı müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını yenə toplaya bilməyib. 


Halbuki, imtahandan keçə bilməyən müəllimlər yenidən hazırlaşması üçün təlimlərə də cəlb olunub.


Bəs bu qədər hazırlıqdan sonra 4 minə yaxın müəllimin imtahandan yenidən yetərli balı toplaya bilməməsinin səbəbi nədir? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, bu qədər müəllimin 0-30 arası balı toplaya bilməməsi utandırıcı haldır:


“Bu, ölkə təhsili və cəmiyyəti üçün biyabırçı vəziyyətdir. Sertifikasiyadan keçməyən müəllimlərin sayı 12 mini keçib. Bu qədər müəllim saxta bilikləri ucbatından illərdir millətin balasını zəhərləyib. Nəticə etibarilə bu gün cəmiyyətdə xoşagəlməz halların şahidi oluruq. Hətta sertifikasiyada onlara ikinci şans da verildi, keçən il imtahan verdilər, nəticə qaneedici olmadı, bu il təkrar imtahan verdilər. Yenə də 1 il ərzində bu insanlar özlərini inkişaf etdirmədilər. Halbuki, bu şəxslər illərlə Azərbaycan övladına “təhsil” veriblər. Görün cəmiyyətimizdə nə qədər insanı “yetişdiriblər”. İbtidai sinif ən stratejik təhsil pilləsidir. Bu təhsil pilləsində şagirdlərin təməli elə qoyulmalıdır ki, onlar daha sonra öz bacarıqlarını inkişaf etdirməkdə maraqlı olsunlar”.  


Ekspert qeyd edib ki, proseslərdən sonrakı dövrdə təhsil adına bizdə hansı mütərəqqi nailiyyətlər əldə olunduğunun şahidi olacağıq:


“Görünən ondan ibarətdir ki, yoldan keçən, tanışlıq hesabına təhsil prosesinə gətirilən, Ermənistanın Azərbaycanda basdırdıqlarından daha təhlükəli olan "minalar" indi yavaş-yavaş üzə çıxıb partlayırlar. Təbii ki, bu prosesin məntiqi nəticəsində təkcə ibtidai sinif və Azərbaycan dili üzrə deyil, digər fənnlər üzrə də bunların zərərsizləşdirilməsi həyata keçiriləcək. Ondan sonra artıq həqiqi ixtisas və bilik sahibləri tam orta ümumi təhsil müəssisələrində öz yerlərini alacaqlar. Dövlət başçısının müvafiq sərəncamı, Nazirlər Kabinetinin sertifikasiya ilə bağlı qərarı, Elm və Təhsil Nazirliyinin keçirdiyi ümumi proseslərdə müasir dövr tələblərinə uyğun gəlməyən, öz ixtisası ilə bağlı bilik və bacarıqları yetərli olmayan şəxslər prosesdən uzaqlaşdırılır. Düşünürəm ki, bundan sonra da bu proses davam etdirilməlidir. Nəticədə, Azərbaycan təhsilinin fərqlənmə dövrü başlanacaq”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR