"Ballar bu qədər enəcək, plan yerləri..." - Magistratura üzrə imtahan verənlərin NƏZƏRİNƏ! 

Dünən - 11 fevral tarixində ölkəmizdə magistraturaya qəbul üzrə I cəhd imtahanı keçirilib.İmtahan iştirakçıları daha çox informatika fənnindən çətinlik çəkdiklərini deyiblər.  

 

Bəs ümumi olaraq imtahanın çətinlik səviyyəsi necə idi? Həmçinin balların düşmə ehtimalı varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bu il magistratura piləsi üzrə qəbul imtahanlarının ötən illərə nisbətən fərqli olduğunu bildirib:

 

“Bunlardan biri imtahandan sonra sual kitabçalarının bakalavrlara verilməsidir. Bu da yaxşı haldır, çünki imtahan iştirakçıları hansısa sualla bağlı apellyasiyaya müraciət edəndə həmin tapşırıq barədə məlumatlı olacaqlar. 

 

Eyni zamanda, esse yazılması da bu il edilən yeniliklər arasındadır. Belə ki, əvvəl ingilis dili üzrə ancaq dinləmə və anlama bacarıqları yoxlanılırdı. Bu il magistraturaya qəbul olunmaq istəyən tələbələr 50 məntiqi təfəkkürü yoxlayan test tapşırığı, 25 informatika üzrə, 20 xarici dil üzrə test suallarına cavab verməli, 5 ballıq esse yazmaldır. Bu, müəyyən qədər imtahan nəticələrinə öz təsirini göstərəcək”.

 

Ekspert qeyd edib ki, son illər ərzində magistraturaya qəbul olmaq istəyənlərin sayında artım var:

 

“Bu il magistratura imtahanda iştirak etmək üçün Azərbaycan bölməsi üzrə 18201 nəfər, rus bölməsi üzrə 1516 nəfər, ümumilikdə isə 19717 nəfər qeydiyyatdan keçib. Düzdür, 2016-cı ilə qədər imtahanda iştirak üçün ödəniş 3 manat ətrafında idi, buna görə də daha çox insan iştirak edirdi. İndi isə xidmət haqqının 50 manat olması iştirakçıların sayına təsir göstərir”. 


K.Əsədovun sözlərinə görə, informatika üzrə çətinlik dərəcəsi daha çox olub:

 

“Ümumilikdə, fənlər üzrə sualları təhlil etdikdə görürük ki, informatika üzrə test tapşırıqlarını daha çox informatika ixtisasında təhsil alan, bu sahədə akademik biliklərə malik olan, uzun müddət İKT avadanlıqlarını istifadə edən şəxslər cavablandıra bilərdi. Məntiqlə bağlı olan test tapşırıqları isə heç bir məzmuna uyğun gəlmir. Bakalavr pilləsində keçirilən imtahanlar orta məktəb dərsliyinə istinad olunur. Məntiq, informatika və xarici dil nəyə istinad olunur? Magistraturaya qəbul zamanı istifadə olunan suallar ali təhsil müəssisələrində həmin səviyyədə keçirilmir. Universitetlərdə daha çox riyazi hesablamalar keçirilir, lakin DİM-in imtahanında məntiq sualları çox çətindir, onları cavablamağa heç vaxt da çatmır. İngilis dili B1 səviyyəsində salınır. Düzdür, gələcək tədqiqatçılarımız ingilis dilini bilməlidir, amma bakalavr pilləsində bu səviyyədə keçirilmir. Magistratura üzrə keçirilən imtahanlar standartlara uyğun deyil. DİM bu suallarla bakalavrları hazırlıq kurslarına, repetitorlara yönləndirir. Bu səviyyədə imtahan keçirilməsi təhlükəlidir”. 

 

Mütəxəssis sonda qəbul plan yerlərinin artacağını və balların müəyyən qədər aşağı düşəcəyini əlavə edib:

 

“Əvvəlki illərə baxanda görürük ki, 2023-cü ildə Azərbaycan, həm də rus bölməsi üzrə magistraturaya 14081 plan yeri ayrılıb.Onun da 6388-i dövlət sifarişli (pulsuz), 7693-ü ödənişli (pullu) plan yeri idi. Hesab edirəm ki, bu il qəbul plan yerləri artacaq. Xarici dil üzrə essenin olması 5 balın artıq itirlməsi mənasına gələ bilər. Həmçinin informatika fənni və məntiqdən çətin, uzun, riyazi suallara əsasən, deyə bilərik ki, birinci cəhddən abituyentlər 57-73 bal arası toplayıb, 90-dan çox nəticə əldə edənlər isə olduqca azdır. Buna görə də bu il qəbul ballarında 2023-cü ildən ciddi bir fərq olmayacaq. Zənnimcə, 3 bala qədər enmələr ola bilər”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR