İmtahan stressindən necə qurtulmalı? – Ekspertdən valideynlərə MƏSLƏHƏTLƏR

İmtahan stressindən necə qurtulmalı? – Ekspertdən valideynlərə MƏSLƏHƏTLƏR

Ötən gün 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Valideynlərin əksəriyyəti isə uşaqların gərginlik keçirdiyini, həyəcanlandığını qeyd ediblər. Hətta aralarında halı pisləşənlər də olub.

 

Şagirdlər imtahan həyəcanının öhdəsindən necə gəlməlidirlər? Bu psixoloji durum hansı fəsadlara yol aça bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, əvvəlki illərə nisbətən hazırda şagirdlərin əksəriyyəti universitetə daxil olmaq uğrunda mübarizə aparırlar:

 

“Sanki onlar da, valideynlər də yarışa qatılırlar. Valideynlər bəzən övladlarının hər gün oxumalı olduğuna, onda daha çox uğur əldə edə biləcəklərinə inanırlar. Yaxud, uşaqların asudə vaxtlarından düzgün istifadə etmədiyini düşünürlər. Halbuki övladımızın yalnız uğurlu deyil, uğursuz zamanlarında, çətin anlarında da yanında olmalıyıq. Uşaqlar valideynlərinə dost kimi baxa bilməli, hər sözünü-sirrini, onu narahat edən problemləri danışmalıdır. Bəzən övladımızla sərt, kobud rəftar edirik. Məsələn, “Mən sənə çox pul xərcləmişəm, repetitor tutmuşam, universitetə mütləq girməlisən”, deyən, imtahanları qazanmayacağı halda hədə-qorxu gələn valideynlər var. Nəticə olaraq da bu hallar uşaqları depressiyaya, intihara belə vadar edə bilir”.

 

Müsahibimiz bildirib ki, uşaqlara hər anında dəstək olmaq lazımdır:

 

“Onlar valideynlərinin yanında olduğunun fərqinə varmalıdırlar. İmtahan öncəsi isə şagirdləri stresə salmamalıyıq. Əksinə, onlara daha çox dəstək olmalıyıq. Valideyn özü stres yaşayırsa, təbii ki, bu hal uşağa da təsir edəcək. Adətən 9-cu sinif şagirdlərinin valideynləri buraxılış imtahanına görə çox narahatlıq keçirirlər. Burada aşağı nəticə olsa belə, uşaqlar öz təhsili davam etdirmək hüququna sahibdirlər. Buna görə valideynlərin övladlarını danlamağı, sıxışdırmağı, onların şəxsiyyətini alçatmaları, təhqir etmələri kimi hallara yol verilməməlidir. Övladın qayğısına qalmalı, sevməliyik. Biz uşaqlara bunu verə bilməyəndə kənarda axtarmağa başlayırlar.  Həmin insanlar da uşağın həyatından çıxanda bu da intiharlara yol aça bilər. Çalışmaq lazımdır ki, övladımızın hər bir anında yanında olaq. Sadəcə maddi tələbatlarını ödəməklə deyil, mənəvi tərəfini də düşünməliyik”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR