"Sonra da deyirsiniz ki, müəllim ..."- Tanınmış təhsil ekspertindən nazirə MÜRACİƏT
"Hörmətli Emin müəllim, sizcə kəmiyyətin artırılması, keyfiyyətin də artması deməkdirmi?"
Sfera.az xəbər verir ki, bu sualla təhsil eksperti Kamran Əsədov çıxış edib.
Ekspert orta məktəblərdə şagirdlərin sayında azalmanın olduğunu qeyd edib:
"Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında göstərilib ki, 2026-cı ildə ali məktəblərin plan yeri 75 minə çatdırılacaq.
Cənab nazir, bu nəyin hesabına həyata keçiriləcək?
Gəlin son 10 ildə orta məktəbi bitirənlər və ali məktəblərin plan yerlərinin sayına baxaq. Deməli, 2010-cu ildə orta məktəbləri 98 min 800 nəfər şagird bitirib. Həmən il, ali məktəblərin plan yeri 29904 yer olub. 2020-ci ildə ölkəmizdə 52 universitet fəalliyyət göstərib və qəbul plan yeri 48519 yer olub. Ancaq orta məktəbdən məzun olan şagirdlərin sayı 80 646 nəfər olub. 10 il ərzində orta məktəbdən məzun olan şagirdlərin sayı 15 min nəfər azalıb.
Hörmətli Emin müəllim, 2009-2019-cu illəri əhatə edən 10 illik zaman ərzində ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayındakı artım 12 min 827 nəfərə və ya təxminən 43%-ə bərabərdir. Və ya, 2015-ci ildən 2021-ci ilədək, universitetə qəbul olanların sayındakı artım cəmi 9 min 86 nəfər və ya cəmi 27% təşkil edib.
Bəs orta məktəblərdən məzun olan şagirdlərin sayında azalmanı görmürsünüzmü? Bundan başqa, hörmətli Emin müəllim, 2010-2020-ci illər arasında 9 universitet fəaliyyətini dayandırıb – bağlanıb".
K.Əsədov universitet sayının az olduğunu sözlərinə əlavə edib. O, bəzi normaların pozulduğunu qeyd edib.
"Baxın, universitet sayında artım yoxdur, yeni universitet binaları tikilməyib, universitetlərin həcmi artırılmayıb, amma əvvəl 29 min tələbə gedən universitetlərə indi 50 min tələbə gedir. Bunlar harada otururlar? Bunlara kim dərs deyir?
Hörmətli Emin müəllim, Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarı ilə bir təhsilalana düşən faydalı sahə 5 kv.m-dən az olmamaqla tələbi qoyulub. Hansı universitetdə bu tələb gözlənilir?
Gəlin nümunə göstərim: Azərbaycan Dillər Universiteti - ADU: Səhifələrində göstərilir ki, 2021-ci ilin statistikasına əsasən bu universitetdə tələbələrin sayı 6144 bakalavriat, 539 magistrant və 170 doktorantdan ibarətdir (cəmi 6853 nəfər). Bütün fakültələr üzrə universitetdə 800-dən çox müəllim/təhsilverən fəaliyyət göstərir. Ümumilikdə universitetin ərazisi 17976,4 m2 təşkil edir. Tələbə kontingentinin hər 100 nəfərinə düşən sahə 283,3 m2 təşkil edir.
Yəni norma ciddi şəkildə pozulub.
Hazırda ölkəmizdə 212 173 təhsil alan (bakalavr və magistr tələbəsi) və 14939 professor-müəllim heyəti. Tələbə müəllim nisbəti 14/1. Bunlardan 5271 nəfəri elmi dərəcəsi olanlardır. Burada kı, nisbət isə 40/1-dir.
Dünyada vəziyyət: ABŞ-da 14:1, UK-də 16.4:1, Meksikada 25+:1 və s.OECD ölkələrində 15:1-dır.
Təhsilin keyfiyyətinə təsir edən əsas amillər fakültənin keyfiyyəti, təhsil proqramı (kurikulum), texnoloji infrastruktur, mövcud tədqiqat mühiti və ya ekosistem, akkreditasiya, universitet-sənaye əməkdaşlığı, maliyyə, qiymətləndirmə üsulları və ən əsası isə peşəkar (korporativ) idarəetmə sisteminin təşkili hesab olunur.
Hörmətli Emin müəllim, sonra da deyirsiniz ki, müəllim sözü düzgün yaza, hesablaya bilmir. Kəmiyyətin artması ilə keyfiyyətin artımını gözləyirik?", - ekspert vurğulayıb.
İnci,
Sfera.az