No Image
No Image

Şuşaya məktub

Şuşaya məktub
Salam, əziz Şuşam!

Qəribədir, amma hər dəfə adını söyləyəndə inanılmaz dərəcədə kövrəlirəm...

Sanki sən mənim balaca balam, körpəm, qayğıya, nəvazişə ehtiyacı olan övladımsan.

Görəsən, haradan yaranır bu hiss, hansı mənbədən güc alır? Bilmirəm. Yəgin bilsəydim daha rahat olardım...
Bəlkə babam Rəsulun sənin haqqında sevgi dolu şeirlərindən və ya həzin səsli Cəvahir nənəmin "Şuşanın dağları başı dumanlı" mahnısını yanıqlı zümzüməsindən? Ya bəlkə atam Anarın "Üzeyir ömrü" filmində dahi bəstəkarın kiçik bacısının rolunu uşaq ikən ifa etdiyimdən? Ya anam Zemfiranın Mir Möhsün Nəvvab haqqında o zamanlar yazdığı kitabıyçün məlumat topladığı vaxtda alimin Cıdır düzündəki məzarını ziyarət etməyimizdən? Bəlkə Məmayi məscidinəcən dəfən-dəfən yol ölçərkən anama bezmişcəsinə: "Axı demişdin gəzməyə çıxırıq, indi yenə Məmayi məscidinə gedirik?" deyə söylənməyimdən?

Ya həyatımın ən munis və mübhəm uşaqlıq xatirələri - Cıdır düzündə gəzişərkən yaranan ilk sevginin cücərtilərinin yaşatdığı unudulmaz təəssüratdan?

Şuşam, bəlkə sənin küçə və məhəllələrinin hər daşını və kəsəyini, bütün döngə və həyətlərini, oradakı eyvan və qapılarının bəzəklərinin hər naxışını əzbər bildiyimdən?

Ya da al-əlvan Natəvan bağında həyatımda ilk və son dəfə gördüyüm nəlbəki yekəliyində çəhrayı rəngli qızılgüllərinin başgicəlləndirən qoxusundan? Buz kimi soyuq sulu bulaqlarından, təkrarsız dadlı kəklik otu çayının ətrindən? Bilmirəm...

Düz qırx ildir bu suala cavab axtarsam da...

Bəlkə də məhz bu cavabı tapmaq üçün bu gün yanına gəlmişəm. Xatirələrimdə uşaqlığımın ən unudulmaz iki yayını və həyatımın qalan hissəsində xəyallarımda yaşatdığım səni yenidən görmək üçün. "Xarıbülbül" musiqi festivalında aləmə yayılan o müdhiş səsləri dinləyib, füsünkar təbiətini yenidən seyr etmək üçün.

Bilirsən, mən həmişə özümü yazıçı adlandırmaqdan çəkinmişəm, çünki hesab etmişəm ki, yazıçı Mirzə Fətəli və ya Mirzə Cəlil kimi həyatını bu işə həsr edən, əsərləri bəşəriyyətin düşüncəsini dəyişdirəcək gücə malik bir düha olmalıdır. Qalanı isə havayı işdir. Ancaq bu xüsusda, daha doğrusu, şairliyi barədə atamın da maraqlı bir sözü var, deyir: şairlik bir azardır, hərdən birdən tutandır. Bax, mənim üçün də yazıçılığım bir tutqudur, tutanda buraxmaq bilmir, ürəyimi ağ kağız üzərinə boşaltmayınca məndən əl çəkmir. Bir də görürsən, yüz cür işim-gücüm tökülüb qalır, həll olunmamış məsələlərin yükü də bir tərəfdən sıxır, amma bilirəm, içimi tökməsəm rahat olmayacağam.

Bir sözlə, sən yazıçı olmayan məni, yazı yazmağa ömürlük məhkum etdin. Necə ki, vaxti ilə atamı da yazıçılığa "məcbur" etmişdin. 1952-ci ildə 14 yaşlı Anar Şuşa sanatoriyasındaykən Bakı üçün darıxıb Amerika həyatından bəhs edən bir pyes yazmışdı, sonra da ailə üzvlərinə oxumuşdu. O zaman Rəsul Rza göy mavisi gözləriylə uzaqları, bəlkə də Şuşa dağlarını seyr edib fikrə dalmış, ani tərəddüddən sonra birmənalı qərarını vermişdi: "sən də yazıçı oldun". Bəlkə də məhz o an on dörd yaşlı yeniyetmə Anar yazıçı Anar oldu...

Bilirsən, Şuşa, mən də yazmağa sənlə başladım, daha doğrusu sənə görə başladım. Əvvəlcə sənə bir neçə hekayə həsr etməklə bu yola qədəm qoydum. Onlardan "Atama məktub", "Şuşa", "Arzu" və daha bir neçəsi "Qarabağ hekayələri" silsiləsinə daxil oldu, onlarca xarici dilə tərcümə edildi, bir çox ölkələrdə oxuculara təqdim olundu, kimini kövrəltdi, kimini ağlatdı, kiminin Qarabağ münaqişəsinə baxış bucağını dəyişdi, kiminin  bu barədə olan fikirlərini qarışdırıb alt-üst etdi... Amma cifayda. Sonra həmin adamlar "Qarabağ hekayələri" kitabını qoltuqlarına vurub işlərinə-güclərinə qayıtdı, bizsə Şuşasız, Qarabağsız Vətənimizə döndük. Amma təslim olmadıq, yeni güc toplayıb növbəti döyüşə kökləndik, daş kimi möhkəmləndik, savaşdıq, vuruşduq, həqiqəti dəlillərlə, sübutlarla ətrafa bəyan etdik, müxtəlif sahələrdə ən yüksək zirvələrə ucaldıq, özümüzü aləmə tanıtdıq və eyni zamanda bu aləmi tanıdıq. Aləmsə kor və kar idi...

Şuşa, bil ki, bu dünyanı oyatmaq üçün özümüzü fəda etdik, hərə öz yerində bir döyüşçü oldu, şair demiş, kim isə Vətən yolunda nitq söylədi, kim isə həlak oldu.

Biz ölmədik. İllərlə, aylarla, ən keçilməz yollarla sənə doğru irəlilədik. Qarış-qarış, addım-addım. Yolunda inanılmaz faciələr yaşayaraq, olmazın müsibətlərə dözərək, minlərlə qurban verərək... səni qaytardıq.
ƏTRAFLI
Tess 10 sec

Atasının vəsiyyətinə əməl edən Ali Baş Komandanımızın  sarsılmaz əzmi, dəmir iradəsiylə idarə olunan müzəffər ordumuz səni Vətənə qovuşdurdu.

Övladların keçilməz yollar, fəth olunmamış dağ və sıx meşələrlə sənə doğru gəldi. Bu yolda neçə-neçə nur üzlü , həyat dolu gənc canından keçdi. Deyirlər, torpaq uğrunda ölən varsa  - Vətəndir. Şuşa, övladlarının qanı torpağına qarışaraq sənin özün, gücün və qüvvən oldu.

Oğullarının həyatlarında gördükləri son mənzərə də sənin yaşıl yamacların, sıx ormanlı dağların, ciyərlərinə çəkdikləri son udum hava da şüşə kimi səffaf oldu.

İndi isə biz sənə sarılırıq. Tam qəlbimiz, varlığımız, ən kövrək nəvazışimiz ilə.
Kim isə torpağına basar basmaz alnını daşına söykəyərək Tanrıya şükür etdi, kim isə hönkür-hönkür ağladı, kim isə avazını dağlara yaydı, başqaları bu təkrarsız səsləri alqışladı, kim isə yallı getdi, kim isə Cıdır düzündə uzanıb şirin-şirin yuxuladı...

Hamımız artıq dillər əzbəri olmuş kəlmələri təkrarlayaraq onların gerçək olduğunun bəxtəvərliyini yüzüncü dəfə yaşadıq:

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Necə ki, sən bizi dirçəltdin, bizi özümüzə qaytardın, bizim kim olduğumuzu göstərdin!
İndi biz səni göz bəbəyimiz kimi qorumalıyıq.

Səni yenidən tikib, qurub daha da füsünkar, cazibədar və düşmən üçün əlçatmaz etməliyik.
Bu gün bir balaca yazıçı təxəyyülümə ümid edərək yenə də səni nə üçün belə kövrək məhəbbətlə sevirəm sualına cavab tapa... bilmədim. Amma, neynək?..

Əsas odur ki, sənə bir şeyi tam əminliklə etiraf edə bilərəm:

Şuşam, bu gün mən həyatımda olmadığım qədər xoşbəxtəm.

Bəs sən?..

14 may, 2021 il
Günel Anarqızı
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir”...

Seçki istənilən ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Ermənistanda, nəhayət, qəbul etməlidirlər ki, hətta bu cür ciddi, ölkədaxili məsələlərində Azə...

Uydurmalar tarixi gerçəkliyi dəyişmir – Deputat Ülvi Quliyevin yazısı

Çoxlarımız dəfələrlə özümüz-özümüzdən soruşmuşuq ki, erməni qonşularımız niyə bu xislətdədir? Nədir onları rahat buraxmayan, bizimlə dinc birgəyaşayışlarına m...

Cinayətkar cəzasız qalanda qudurur...

27 il ərzində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli imperativ, icrası məcburi xarakter daşıyan qətnamələrini saya salmadı. Bu gün ...

Əhaliyə xəbərdarlıq edildi - Mayın 29-da...

Mayın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-in Mil...

Milli müstəqillik tariximizin şərəf salnaməsi

Dünyanın bütün xalqları kimi, Azərbaycan xalqının da dövlətçilik anlayışı, dövlətçilik təcrübəsi və ənənələri yüz illərlə təşəkkül və təkmilləşmə dövrünü yaşa...

Şuşaya məktub

Salam, əziz Şuşam! Qəribədir, amma hər dəfə adını söyləyəndə inanılmaz dərəcədə kövrəlirəm... Sanki sən mənim balaca balam, körpəm, qayğıya, nəvaziş...