No Image
No Image

Son aylarda dünyasını dəyişən məşhurlarımız...

Son aylarda dünyasını dəyişən məşhurlarımız...
2021-ci il girəndən Azərbaycan mədəniyyətinə bir çox itki üz verib. Bir qisim sənətçi koronavirusdan, kimi digər xəstəliklərdən, kimisi isə əcəli ilə bu dünyadan köçüb...

Sfera.az son aylarda dünyasını dəyişən mədəniyyət-incəsənət nümayəndələrini təqdim edir:

Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli – BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı bəstəkar ürək tutmasından dünyasını dəyişib. O, Qurd qapısı qəbiristanlığında, həyat yoldaşı Hikmət Mirməmmədli və oğlunun yanında torpağa tapşırılıb.

Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev –  Daha öncə də insult keçirən 80 yaşlı kinorejissor müalicə aldığı özəl xəstəxanada həyatını itirib. Xalq artisti öz vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.

Rəmiş kimi tanınan xalq artisti, məşhur gitara ifaçısı, Rafiq Hüseynov – O, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Ciyərlərində problem yaranan Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq onun həyatını xilas etmək mümkün olmadı. Rəmiş "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Əməkdar artist Baloğlan Əşrəfov – O, koronavirusa görə dünyasını dəyişən məşhurlardandır. 69 yaşlı müğənni yaşı səbəbindən xəstəliyi ağır keçirirdi. Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü. B.Əşrəfov doğulduğu Masallı rayonunun Bədalan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
 
Müğənni Aslan Hüseynov – 55 yaşlı ifaçı yol-nəqliyyat hadisəsi zamanı vəfat edib. Belə ki, müğənni Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzasına düşüb. Hadisə zamanı Aslan Hüseynovun idarə etdiyi avtomobil "KamAz”a çırpılıb. Bu zaman müğənni və yanındakı şəxs həyatını itirib. O, Gəncə şəhərində dəfn olunub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qoca – 85 yaşlı şair Birinci Fəxri xiyabanda dəfn olunub.
 
Xalq artisti, aktyor Arif Quliyev – Aktyorun ölümünə səbəb koronavirus olub. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu. Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın xalq şairi Musa Yaqub - O, mayın 7-də İsmayıllı rayonunda 84 yaşında dünyasını dəyişib. Şair Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Günay Rəsulqızı
Sfera.az

Sehliyali
Turan Bank