Qarabağa bu cür yanaşma İrəvana fürsət verir… - Şərh
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlının müsahibəsini təqdim edirik:
- Dünyanın böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağ münaqişəsinin həllini dəstəkləyir. Lakin bu dəstəkləmələrə baxmayaraq, münaqişə həll olunmur…
- Sovetlər Birliyinin dağılması ərəfəsində yenidən ortaya çıxan Dağlıq Qarabağ problemi postsovet məkanında yaşanan analoji problemlərə bənzəsə də, məsələyə böyük dövlətlərin və ATƏT-in Minsk Qrupunun münasibətində çox fərqli nüansların olduğunu müşahidə etmək mümkündür.
BMT və digər beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğal edildiyini etiraf etsələr də, işğalçı dövlətin adını çəkmir, ona qarşı beynəlxalq hüquq norma və prinsiplərini, BMT-nin nizamnaməsindəki müddəaları tətbiq etmək siyasi iradəsi nümayiş etdirmir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü öz gücünə təmin etməsinə də hər vəchlə qarşı çıxırlar.
ABŞ, Fransa və digər Avropa dövlətləri Abxaziya və Cənubi Osetiya probleminə münasibətdə işğalçını açıq şəkildə öz adi ilə adlandırıb, separatçı rejimlərlə hər hansı siyasi və iqtisadi münasibətlər qurmadığı kimi, Gürcüstanın mövqeyini beynəlxalq aləmdə birmənalı olaraq dəstəkləyirlər. Məsələn, adı çəkilən dövlətlər separatçılara maliyyə yardımı ayırmır, bu qondarma qurumun nümayəndələrini öz ölkələrində qəbul etmir, onlara siyasi dəstək vermirlər. Amma qondarma Qarabağ rejiminin nümayəndələri çox rahat bir şəkildə bu dövlətləri ziyarət edir, nümayəndəliklər açır və müstəqilliklərinin tanınması üçün təbliğat aparırlar.
- Qəbul edilən bəyanatları yerinə yetirmədiyinə görə dünya dövlətləri tərəfindən Ermənistana hansısa sanksiya tətbiq edə bilərmi?
- Bu dövlətlərdən Ermənistana qarşı hər hansı bir şəkildə sanksiya tətbiq ediləcəyini gözləmək sadəlövhlükdür. Minsk Qrupu həmsədr ölkələri Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində fəaliyyəti dəyərləndirildiyində, problemin həllinin uzadılmasında maraqlı tərəf kimi çıxış etdiklərini görürük. Postsovet coğrafiyasındakı bənzər problemlərdə Rusiya öz mənafeyi çərçivəsində, ABŞ və Fransa da ortaq siyasət həyata keçirsələr də, Dağlıq Qarabağ problemində eyni siyasət həyata keçirirlər: nəyin bahasına olursa olsun, Azərbaycanın hərbi əməliyyatlara başlamasının qarşısını almaq, status-kvonu qoruyub saxlamaq və nə vaxtsa qondarma Qarabağ rejimini legitimləşdirmək...
- 2019-cu ilin Qarabağ münqaişəsinin həllində yeni impulslar gətirəcəyinə ümid edilir. Sizcə, 2019-cu il Qarabağ münqaişəsinin həllində dönüş yarada bilərmi?
- Cari ilin may ayında Ermənistanda baş verən məxməri inqilabdan sonra hakimiyyət dəyişikliyi yaşandı. Nikol Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra Dağlıq Qarabağ problemi ilə bağlı militarist bəyanat versə də, bundan sonra məsələ ilə bağlı necə siyasət həyata keçirəcəyi haqqında qəti fikir söyləmək hələlik mümkün deyil.
Digər tərəfdən Ermənistan həmsədr ölkələrdən və digər böyük dövlətlərdən təzyiq hiss etmir, əksinə, dəstək alır. Ona görə 2019-cu ildə də Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həll ediləcəyinə inamım çox deyil.axar.az