İlham Əliyev 2 sərəncam imzaladı
Prezident İlham Əliyev V.M.Səfərlinin Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 75 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə"nin 6.21-ci bəndinə uyğun olaraq qərara alıram:
Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilsin”.
***
Prezident İlham Əliyev R.F.Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Ramil Famil oğlu Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.