İsrail nə üçün ABŞ-ni müharibəyə sürükləyir? - AÇIQLAMA

İsrail ABŞ administrasiyasını İrana qarşı yenidən genişmiqyaslı hərbi zərbələr endirməyə razı salmağa çalışır.
Ölkə bunun üçün yeni kəşfiyyat məlumatları təqdim edib. İsrail xüsusi xidmət orqanları ABŞ-yə İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları Natanz yaxınlığındakı Kirka dağı altında yerləşən yeraltı tunellərə köçürdüyü barədə kəşfiyyat məlumatı ötürüb.
İsrailin ABŞ-ni genişmiqyaslı mühribəyə təkid etməsində məqsədi nədir? ABŞ tammiqyaslı müharibə etməyə hazırdırmı?
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə Sfera.az-a açıqlama verib. O, İsrailin əsas narahatlığının nə olduğunu izah edib:

“İsrailin əsas narahatlığı ondan ibarətdir ki, İranın nüvə proqramı müəyyən həddi keçərsə, Tehran gələcəkdə nüvə silahı yaratmaq imkanına yaxınlaşa bilər. İsrail bunu öz milli təhlükəsizliyinə ekzistensial təhdid kimi təqdim edir. Buna görə də Tel-Əvivin strategiyası İranın nüvə infrastrukturuna qarşı preventiv tədbirlər görmək və mümkün qədər ABŞ-nin hərbi, texnoloji və diplomatik imkanlarından istifadə etmək üzərində qurulur. Bununla yanaşı, İsrailin ABŞ-ni genişmiqyaslı hərbi əməliyyata cəlb etmək istəməsinin bir neçə səbəbi var. Birincisi, İranın bəzi nüvə obyektləri yüksək səviyyədə qorunan və yeraltında yerləşən infrastrukturlardır. İsrailin hərbi imkanları müəyyən hədəflərə zərbə vurmağa imkan versə də, ABŞ-nin malik olduğu strateji bombardman imkanları, kəşfiyyat resursları və bunkerdağıdan silahlar daha geniş əməliyyat potensialı yaradır. İkincisi, İsrail hesab edir ki, təkcə məhdud hava zərbələri endirməklə İranın nüvə proqramını uzun müddət dayandırmaq mümkün olmayacaq. Buna görə də daha genişmiqyaslı kampaniya ilə İranın hərbi imkanlarının, raket arsenalının və regional müttəfiq şəbəkəsinin zəiflədilməsini hədəfləyir. Ən nəhayət belə bir əməliyyat baş verərsə, bu İsrailə Yaxın Şərqdə strateji üstünlüyünü qorumaq imkanı yarada bilər”.
Politoloqun sözlərinə əsasən, burada əsas məsələ İsrailin istəklərindən daha çox ABŞ-nin tammiqyaslı müharibəyə hazır olub-olmaması ilə bağlıdır:
“Vaşinqton kifayət qədər yaxşı anlayır ki, İranla genişmiqyaslı müharibə təkcə hərbi əməliyyat məsələsi deyil. Belə əməliyyat həm də böyük siyasi, iqtisadi və regional risklər daşıyır. İranın cavab imkanları, Körfəz ölkələrindəki ABŞ bazalarına davamlı hücumlar, enerji bazarlarında qeyri-sabitlik və Yaxın Şərqdə daha geniş qarşıdurmanın yaranması ABŞ üçün riskdir. Xüsusilə də seçki dövründə bu risk daha da artır. Ümumiyyətlə isə ABŞ hər zaman İranın nüvə silahına sahib olmasının qarşısını almaq siyasətini dəstəkləyib, sadəcə bunun hansı vasitələrlə həyata keçirilməsi məsələsində ehtiyatlı mövqe sərgiləyib. İndi də Vaşinqton üçün daha uyğun olan böhranın diplomatik müstəvidə öz həllini tapmasıdır. Bu imkanlar tamamilə tükənmədən genişmiqyaslı müharibəyə başlamaq ciddi siyasi qərar tələb edir. Xüsusilə uzunmüddətli hərbi əməliyyatların ABŞ ictimaiyyətində və Konqresdə dəstəklənməsi mühüm amildir.
Diplomatik imkanlar isə zənnimcə hələ də mövcuddur. İstər ABŞ, istərsə də İran hər nə qədər danışıqların dayandığını desələr də Pakistan, Misir, Qətər, hətta Türkiyə vasitəsilə dialoqun aparıldığı da məlumdur. Düşünürəm ki, ABŞ genişmiqyaslı hərbi əməliyyatlara İranın nüvə proqramının kritik mərhələyə çatdığına dair inandırıcı kəşfiyyat məlumatları ortaya çıxarsa başlaya bilər. Hazırda isə əsas strategiya İranı blokadada saxlayaraq kompromislərə məcbur etmək üzərində qurulub. İrana qarşı keçirilən dəniz blokadası, digər ölkələrlə olan dəmiryolları, körpülər, magistral yollar və limanların hədəfə alınması da bu məqsədə xidmət edir. Ümumi olaraq dəyərləndirsək deyə bilərik ki, İsrailin ABŞ-ni İrana qarşı daha sərt mövqeyə gətirmək cəhdləri ilk növbədə öz təhlükəsizlik prioritetləri və regional güc balansı ilə bağlıdır. Lakin ABŞ üçün əsas dilemma ondan ibarətdir ki, İranın nüvə imkanlarını məhdudlaşdırmaq istəyərkən daha böyük və uzunmüddətli regional müharibəyə yol açmasın”.
Bəsti Rəfizadə
