"ABŞ-İran müharibəsi regional xarakter ala bilər" - AÇIQLAMA

"ABŞ-İran müharibəsi regional xarakter ala bilər" - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ ilə İran arasında yenidən artan gərginlik qarşılıqlı hücumlarla davam edərkən, ABŞ dövlət katibi Marko Rubio Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib. Rubio İranın nəzarətində olan Hörmüz boğazından beynəlxalq ictimaiyyətə qarşı təzyiq aləti kimi istifadə etdiyini iddia edib.

Onun sözlərinə görə, bu vəziyyət qlobal enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından ciddi narahatlıq doğurur.


İranın Hörmüz boğazını geosiyasi təzyiq aləti kimi istifadə etməsi nə dərəcədə real və effektiv strategiyadır? Nəyə görə ABŞ və İran arasında müharibə bitmir?


Məsələ ilə bağlı politoloq Şəhla Cəlilzadə Sfera.az-a açıqlama verib. O bildirib ki, Rubionun çıxışı tamamilə reallığı əks etdirir:


“Belə ki, müharibə başlamazdan əvvəl, yəni 28 fevraldan öncə Hörmüz boğazı məsələsi gündəmdə deyildi. İrana qarşı əsas tələblər nüvə zənginləşdirilməsinin tamamilə dayandırılması və regional proksi qüvvələrə dəstəyin kəsilməsi idi. Xüsusilə regional təhlükəsizliyə təhdid yaradan silahlı qruplaşmaların fəaliyyətinin məhdudlaşdırılması və İranın bu qruplara dəstək verməməsi əsas müzakirə mövzuları hesab olunurdu. Xatırlatmaq lazımdır ki, İran bu tələbləri yerinə yetirmədiyi üçün Donald Tramp hökumətin dəyişdirilməsi və dövlət çevrilişi ilə bağlı çağırışlar da etmişdi. Daha sonra isə İranı “daş dövrünə qaytaracaqlarını” və ölkəni yerlə-yeksan edəcəklərini bəyan etmişdilər. Lakin İran bu tələblərdən geri çəkilmədi, əksinə gündəmə yeni bir məsələ daxil etdi. Bu da Hörmüz boğazı idi”.


Politoloq İranın Hörmüz boğazı üzərindəki strateji nəzarət imkanlarının ona gündəmi dəyişmək fürsəti verdiyini bildirib:


“Bununla belə, İranın tətbiq etməyə çalışdığı “blokadanın blokadası” taktikası müəyyən məhdudiyyətlərlə üzləşdi. Daha sonra ABŞ-nin həyata keçirdiyi strategiya, taktiki addımlar və hərbi manevrlər nəticəsində İran özü blokada vəziyyətinə düşdü. Bu isə ölkənin həm enerji ixracının, həm də ticarət imkanlarının ciddi şəkildə məhdudlaşmasına səbəb oldu və yeni geosiyasi vəziyyət formalaşdırdı. Maraqlıdır ki, müharibənin birinci mərhələsi 28 fevraldan sonra 40 gün davam etdi. Ardınca təxminən iki aylıq danışıqlar prosesi baş tutdu. Lakin nə həmin 40 gün ərzində, nə də danışıqlar dövründə tərəflər yekun razılığa gələ bildilər.

Doğrudur, anlaşma memorandumu istiqamətində müəyyən qarşılıqlı güzəştlər edilmişdi. Ancaq yekun müqavilənin imzalanması və danışıqların uğurla başa çatması üçün lazım olan razılıq əldə olunmadı. Xüsusilə ABŞ öz sərt tələblərindən geri çəkilmədi, İran da mövqeyini dəyişmədi. Nəticədə müharibə yenidən alovlandı və artıq onun ikinci mərhələsinin 10-cu günü yaşanır. Bu müddət ərzində İran nəinki geri çəkilir, əksinə münaqişənin region üzrə daha da genişlənməsinə səbəb ola biləcək addımlar atır. Hazırda münaqişənin coğrafiyası da genişlənməkdədir.

Əgər müharibənin birinci mərhələsində İranın raket hücumlarından beş-altı ölkə təsirlənmişdisə, artıq bu say səkkizə çatıb. Ən çox zərər görən ölkələr sırasında Küveyt və digər Körfəz dövlətlərini xüsusilə qeyd etmək lazımdır. Hədəfə alınan obyektlər arasında təkcə limanlar və enerji infrastrukturu deyil, həm də mülki infrastruktur yer alır. Məsələn, Küveytdə suyun duzsuzlaşdırılması zavodu da hücumların hədəfi olub. Bununla yanaşı, İordaniyanın Əqəbə limanı da hədəfə çevrilib. Bu liman Hörmüz boğazı qədər strateji əhəmiyyət daşımasa da, mühüm nəqliyyat qovşaqlarından biridir. Belə ki, buradan Bab əl-Məndəb boğazı vasitəsilə Qırmızı dənizə çıxış təmin olunur.

Məhz bu səbəbdən Bab əl-Məndəb boğazının da münaqişənin növbəti mərhələsində yeni gərginlik ocağına çevrilməsi riski artır. Bu isə müharibənin strateji keçid nöqtələrinə doğru genişlənə biləcəyini göstərir Digər tərəfdən, İran daxilində əhaliyə silahdan istifadə qaydalarının öyrədilməsi, müxtəlif hərbi hazırlıq tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar artıq mediada geniş yer alır. Bütün bunlar, eləcə də İran rəsmilərinin açıqlamaları müharibənin daha da genişlənə biləcəyi ehtimalını gücləndirir. Məhz belə bir şəraitdə Türkiyə və Qətər rəsmilərinin görüşü tərəflərin yenidən danışıqlar masasına qaytarılması və ortaq məxrəcə gəlinməsi istiqamətində vasitəçilik səylərinin yenidən aktivləşəcəyinə dair mühüm siqnal kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, əgər ABŞ və İran arasında münaqişə danışıqlar yolu ilə həll olunmasa, müharibənin daha da uzanması və regionun daha geniş hissəsinə yayılması riski yüksək olaraq qalacaq”.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ