ÜAK-ın ləğvinə Bülbüloğlu çalışıb? - Rus ekspertdən şok...

ÜAK-ın ləğvinə Bülbüloğlu çalışıb? - Rus ekspertdən şok...

Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarı Azərbaycanla yanaşı, Rusiyanın ekspert dairələrində də ciddi rezonans doğurub. O sırada obyektiv şərhləri ilə tanınan rusiyalı təhlilçi, kütləvi kommunikasiyalar və korporotiv PR ("piar”) üzrə mütəxəssis Denis Korkodinovun da olaya özəl baxışı var.

Sfera.az Musavat.com-a istinadən Korkodinovun son dərəcə sensasiyalı sayılacaq şərhini təqdim edir:

"Rusiya Ali Məhkəməsi öz qərarlarında federal qanunu yalnız formal şəkildə pozmağa görə ictimai təşkilatın ləğvinin yolverilməzliyinə dəfələrlə diqqət yönəldib. Yəni ləğv haqda qərar üçün federal qanunvericiliyin sistematik şəkildə pozuntusu o dərəcədə ciddi olmalıdır ki, bütün hallar nəzərə alınmaqla, nəzərdən keçirilən iş üzrə üçüncü şəxslərin hüquq və maraqlarının müdafiəsi naminə belə bir qərar çıxarılsın.

Halbuki, Rusiya Ədliyyə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin yoxlamaları zamanı yalnız xırda nöqsanlar aşkar edilmişdi. Bu nöqsanlar da qanunun mübahisəli qavranışı və təşkilatın hesabat sənədlərinin nəzarətedici hakimiyyət orqanlarına təqdim olunma vaxtının pozuntuları ilə bağlı idi. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, ÜAK-ın yol verdiyi pozuntular o dərəcədə ictimai əhəmiyyətli olmayıb ki, üçüncü şəxslər üçün təhlükə kəsb eləsin və ya dövlət maraqlarına toxunsun.

Belə pozuntulara görə məsuliyyət məsələsinə müstəsna olaraq, ümumi qəbul edilmiş hüququ prinsiplərə müvafiq surətdə baxıla və qərar da aşkar edilən nöqsanlara uyğun verilə bilərdi. Başqa sözlə, Rusiya Ali Məhkəməsi tamamilə əsaslı şəkildə ÜAK-a özünü qaydaya salmaq və xırda çatışmazlıqları aradan qaldırmaq üçün güzəştli vaxt ayıra bilərdi – bu çatışmazlıqlar, təkrar edirəm, elə bir ictimai önəm daşımırdı. Yəni təşkilatın ləğvinə heç bir zərurət yox idi - əgər məhkəmə instansiyasına xaricə bağlı strukturlar tərəfindən xoşagəlməz təzyiq olmasaydı.

Məsələ ondadır ki, ÜAK ilk növbədə Rusiya ilə Azərbaycan arasında konstruktiv əlaqələrin qurulmasını istəməyən və buna mane olan qurumlar üçün sərfəli deyildi. ÜAK isə Rusiya ərazisində Azərbaycan milli diasporunun müəyyən mənada inteqratoru rolunda çıxış eləməklə bir çox azərbaycanlılardan ötrü hansısa şəkildə "uzaq qürbətdə doğma ev” idi. Qurumun belə bir mövqeyi Azərbaycan diasporunun öz tarixi vətəni ilə etno-mədəni bağlarını istənilən yolla dağıtmağa hazır olanlar üçün bir əngəl idi.

Bu yöndə Azərbaycanla Rusiya arasında ikitərəfli dövlətlərarası dialoqun inkişafına destruktiv impuls verməyə çalışan üzdəniraq "erməni lobbisi” xüsusi maraq güdürdü. Bütün bunlarla yanaşı, ÜAK-ın ləğvində onun mövcud olduğu bütün tarix ərzində Rusiyada yaşayan Fəxrəddin Aboszadənin başçılıq etdiyi talış separat hərəkatının nümayəndələri da olduqca maraqlı idi. Aboszadəyə yaxın internet-nəşrlərin səhifələrində o, dəfələrlə ÜAK-ı arzuolunmaz, hətta Rusiyanın suverenliyi və milli təhlükəsizliyinə təhlükə kəsb edən ictimai-siyasi struktur kimi təqdim edilirdi. Separatçı-lider tərəfindən qızışdırılan kompromatlar müharibəsinin Rusiya-Azərbaycan ədavəti üçün qaynaq ola bilməsi də tamamilə mümkün idi.

ÜAK-ın ləğvinə yardımçı olan üçüncü qüvvə kimi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd oluna bilər. İş ondadır ki, diplomat bu təşkilatı marionet bir quruma çevirib öz opponentlərinə qarşı şəxsi intriqalar üçün istifadə edirdi. Nəticədə ÜAK-ın əvvəlki böyüklüyü şübhə altına düşdü – nədən ki, bu qurum yaradıldığı zaman üzərinə götürdüyü əsas funksiyaları yerinə yetirə bilmirdi. Söhbət ən əvvəl Azərbaycan Respublikasının ruporu olmaq funksiyasından gedir. Polad Bülbüloğlu özünün pərdəarxası davaları ilə təşkilatı yalnız bir nəfərin – özünün ruporuna çevirdi. Və danışmağa bir şey qalmayanda (2017-ci ilin oktyabrında o, yəqin ki, öz postundan gedəcək), o zaman da ÜAK-ın mövcudluğunun Bülbüloğludan ötrü önəmi itmiş oldu.

Bütövlükdə ÜAK-ın ləğvi, əlbəttə ki, kədərli hadisədir. Qurumun ləğvi ilə həm də Rusiyadakı bir çox azərbaycanlılar öz işini itirdi. Bu xüsusda son olay öz növbəsində başqa bir problemi gözdən keçirmək zərurəti yaradır: vətəndaşları işlə təmin etmək. Heç olmasa o səbəbə ki, ÜAK-ən ləğvi nəticəsində yarana biləcək millətlərarası gərginlik olmasın.

Bununla bağlı Rusiya dövləti qarşısında aşağıdakı vəzifələr durur və onları qulaqardı eləmək, yəqin ki, mümkün olmayacaq:

1. ÜAK-ın işdən azad edilmiş əməkdaşları ilə nə etməli?

2. Ləğv edilmiş ÜAK-ın əmlakı ilə nə etməli?

3. Diaspor təşkilatının ləğv olunmasından sonra artan sosial narazılığı necə neytrallaşdırmalı?

Bu suallara cavablar, demək olar, ən qəliz məsələlərdən biri olacaq. Bununla belə, güman edirəm ki, Azərbaycan və Rusiya tərəfləri kompromisə gəlmək və bir-biri ilə münasibətləri həmişəlik korlamamaq üçün özlərində güc və səbir tapa biləcəklər”.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR