Əraqçi həbs oluna bilər? - "Diplomatik toxunulmazlığı..."

ABŞ senatoru Lindsi Qrem İran xarici işlər naziri Abbas Əraqçinin İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumuna dəvət olunmasını tənqid edib. Qremin sözlərinə görə, Əraqçini Davosa dəvət etmək Adolf Hitleri dəvət etmək kimi bir şeydir.
BMT Müşahidə Təşkilatının icraçı direktoru Hillel Neuer də Abbas Əraqçiyə müraciətlə bəyan edib ki, əgər bu həftə Davos sammitinə getsə, İsveçrə prokurorlarına onun əleyhinə cinayət şikayəti təqdim edəcək.
Mümkün həbs çağırışı nə nəticə verə bilər? Qremmin müqayisəsi doğrudurmu?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ senatoru Lindsi Qremin İranın Xarici İşlər naziri Abbas Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvət olunmasını Adolf Hitlerlə müqayisə etməsi və BMT Müşahidə Təşkilatının rəhbəri Hillel Neuerin İsveçrə prokurorlarına cinayət şikayəti təqdim edəcəyini bəyan etməsi, İranın beynəlxalq imicindəki gərginliyin yeni mərhələsini əks etdirir.

Onun sözlərinə görə, bu reaksiyalar İranın daxili etiraz dalğası və repressiyalara qarşı beynəlxalq tənqidlərin fonunda yaranıb:
“Neuerin mümkün həbs çağırışı əsasən İran hakimiyyətinin son aylarda etirazçılara qarşı tətbiq etdiyi tədbirlərə, insan haqları pozuntularına və repressiyalara yönəlib. İsveçrənin universal yurisdiksiya prinsipi belə hallarda şikayətlərin qəbuluna imkan versə də, Əraqçinin xarici işlər naziri kimi diplomatik toxunulmazlığı Beynəlxalq Hüquq normaları çərçivəsində həbs ehtimalını xeyli azaldır. Bu təhdid daha çox siyasi və ictimai təzyiq vasitəsi kimi qiymətləndirilir. Nəticədə, İran rəsmisinin Davosa getmə ehtimalı azalır, iştirak etsə belə, bu, diplomatik etirazlara və media diqqətinə səbəb ola bilər. Belə bir çağırış İranın beynəlxalq platformalarda daha izolyasiya olunmuş hiss etməsinə yol aça bilər və Tehranı arxa planda danışıqlar aparmağa vadar edə bilər”.
T.İsmayılov qeyd edib ki, Lindsi Qremin müqayisəsi isə İran siyasətini kəskin şəkildə tənqid etmək məqsədi daşıyır:
“Senator bu ifadə ilə İran rəhbərliyinin etirazlara qarşı yanaşmasını və regiondakı rolunu vurğulamağa çalışır. Tarixi paralellərə əsaslanan belə müqayisələr ABŞ daxili siyasətində İran mövzusunu sərtləşdirmək üçün tez-tez istifadə olunur, lakin eyni zamanda dialoq imkanlarını məhdudlaşdırır və müzakirələri emosional müstəviyə keçirir. Bu cür ifadələr subyektiv qiymətləndirmələrə əsaslanır və kontekstdən asılı olaraq fərqli qəbul edilir. Bəziləri üçün həddindən artıq güclü, bəziləri üçün isə mövqeyin qətiyyətini göstərən addım kimi görünür”.
Politoloq nəzərə çatdırıb ki, ümumilikdə, bu hadisələr ABŞ-İran münasibətlərindəki qarşıdurmanın davam etdiyini və Davos kimi qlobal platformaların da bu gərginliyin təsirinə məruz qaldığını göstərir:
“Diplomatik toxunulmazlıq və beynəlxalq hüquq normaları həbs ssenarisini realdan çox simvolik edir, lakin belə tənqidlər İranın xarici siyasətində daha diqqətli addımlar atmağa vadar edə bilər. Eyni zamanda, bu reaksiyalar regionda sabitliyin qorunması üçün qarşılıqlı dialoqun və konstruktiv münasibətlərin vacibliyini bir daha vurğulayır. Davos kimi forumlar fikir mübadiləsi və gərginliklərin yumşaldılması üçün fürsət yarada bilər, lakin belə açıq tənqidlər bu fürsəti məhdudlaşdırır və prosesi daha mürəkkəb edir”.
Firuzə Əliyeva
Sfera.az
