Makronun "Qafqaz planı" nədir? - AÇIQLAMA

ABŞ-nin dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı olub.Tərəflər Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasını müzakirə ediblər.
Bu telefon danışığı ABŞ və Fransanın Cənubi Qafqaz siyasətində razılaşdırılmış addımlar atmaq niyyətini göstərirmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bu gün Cənubi Qafqazda baş verən proseslərin bir çox dünya dövlətlərinin, o cümlədən ABŞ-nin və Fransanın diqqət mərkəzində olduğunu deyib.
O bildirib ki, qlobal nizamı pozan qüvvələr kimi qiymətləndirilən bu ölkələr bölgədə öz maraqlarını təmin etməyə çalışır:
“Bunun üçün bəzən qarşılıqlı anlaşmaya gəlir, bəzən isə bir-birilərinə müəyyən şərtlər irəli sürürlər. Son dövrlərdə regionda xüsusilə ciddi dinamika müşahidə olunur. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində sülh sazişinin yaxın vaxtlarda imzalanacağı iddiaları gündəmdədir”.
K.Novruzov bu mövzunun Cənubi Qafqaz məsələsinin beynəlxalq güclər üçün daha da aktuallaşdırdığını qeyd edib:
“Qarşıdakı günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün keçiriləcəyi gözlənilir. ABŞ-nin də bu məsələyə diqqətlə yanaşması təsadüfi deyil. Nəzərə alsaq ki, Marko Rubionun təmsil etdiyi ABŞ görüşə ev sahibliyi edəcək, təbii ki, dövlət katibinin onunla danışmasında təəccüblü heç nə yoxdur. Hansı mövzuların müzakirə olunacağı barədə məlumat toplamağa çalışır”.
Şərhçinin fikrincə, Fransa Cənubi Qafqazda sülh və sabitliyin qorunmasında səmimi deyil: “Ümumiyyətlə, ABŞ və Fransanın bu məsələdə maraqları üst-üstə düşmür. Bu mövqe yaxın gələcəkdə daha açıq şəkildə özünü göstərəcək”.
Fidan Hacızadə
Sfera.az