"Budapeşt Zirvə görüşü türk dünyasında inteqrasiya proseslərinə təkan verir" - ŞƏRH

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının 21 may 2025-ci ildə Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşü yerli və xarici mıtbuatda geniş şəkildə şərh olunmaqdadır.
Dövlət başçılarının Zirvə görüşünün ilk dəfə olaraq türk coğrafiyasından kənarda – Avropada baş tutması xüsusilə diqqət cəlb edir. TDT-nın Avropa təmsilçiliyi Azərbaycanın strateji tərəfdaşı olan Macarıstanda yerləşir və müşahidəçi üzv olmasına baxmayaraq Macarıstan türk dünyasında gedən inteqrasiya proseslərinə öz töhfələrini verməyə hazır olduğunu daim nümayiş etdirir. Zirvə görüşündə çıxış edən Azərbaycan lideri İlham Əliyev Macarıstan lideri Viktor Orbanı dost ölkənin əldə etdiyi nailiyyətlərə görə təbrik edib.
Zirvə görüşü qeyri-rəsmi xarakter daşısa da müzakirə olunan məsələlərin çoxluğu, məzmunu və əhəmiyyəti baxımından kifayət qədər zəngin oldu. Zirvə görüşünün sonunda qəbul olunmuş Birgə Yekun Bəyannaməsində 71 bəndin yer alması da bir daha bu zənginlikdən xəbər verir.
Müzakirə olunmuş məsələlərin mahiyyətinə vardıqda isə son 30 il ərzində türk dünyası miqyasında aparılan inteqrasiya proseslərinin nəticəsi olaraq yaranmış mövcud mənzərə daha aydın görünür.
Dövlət başçılarının çıxışlarında və TDT funksionerlərinin açıqlamalarında səsləndirilmiş məlumatlardan aydın olur ki, türk dövlətləri arasında ticari-iqtisadi və mədəni-humanitar əlaqələr bir çox istiqamətlərdə uğurla inkişaf etməkdədir. Son illərdə türk dövlətləri arasında ticarət həcminin toplam ÜDM-in 3%-dən 7%-ə qədər artdığını bildirən dövlət başçıları bu rəqəmin yaxın gələcəkdə 10%-ə çatdırılmasını hədəflədiklərini bildirdilər. Zirvə görüşündə hazırda türk dövlətləri arasında 35 müxtəlif fəaliyyət sahələrində qarşılıqlı əməkdaşlığın aparıldığı açıqlandı. Türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran əməkdaşlıq sahələri arasında nəqliyyat – logistika, enerji istehsalı və ötürülməsi, yaşıl energetika, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə, hərbi-texniki əməkdaşlıq, kibertəhlükəsizlik və eləcə də kosmik araşdırmalar sahəsində qarşılıqlı əməkdaşlığın vacibliyi xüsusilə vurğulandı.
Türk dövlətləri arasında qarşılıqlı əməkldaşlığın genişləndirilməsi, tezliklə Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və ortaq türk kimliyinin təsis edilməsi kimi məsələlər geniş türk coğrafiyasında inteqrasiya proseslərini stimaullaşdıran addımlar kimi xüsusilə diqqətəlayiqdir.
Türk Dövlətləri Başçılarının rəsmi Zirvə görüşü bu il ölkəmizdə keçiriləcək. Azərbaycanda keçiriləcək növbəti rəsmi Zirvə görüşünün Budapeştdə müzakirə olunmuş məsələlər üzrə rəsmi qərarların qəbul olunması və ardınca praktiki addımların atılması üçün mühüm başlanğıc mərhələsi olacağına şübhə yoxdur. Budapeşt Zirvə görüşündə qəbul olunmuş Yekun Bəyannamə bünün üçün kifayət qədər etibarlı zəmin yaradır.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı