"İstanbul danışıqları uğursuzluğa düçar olacaq" - Politoloq

"İstanbul danışıqları uğursuzluğa düçar olacaq" - Politoloq

Rusiya Prezidenti Vladimir Putin cümə axşamı, yəni mayın 15-də Türkiyədə keçirilməsi gözlənilən danışıqlar öncəsi Ukrayna tərəfinə bir sıra ultimatum xarakterli tələblər irəli sürüb. Tələblər olduqca ağır şərtlərdən ibarətdir. Putin tələb edir ki, Ukraynanın tam və qeyd-şərtsiz təslim olmalı, NATO-ya üzvlükdən daimi imtina etməli, hakimiyyət dəyişdirilməli və Krım, Xerson, Zaporojya, Luqansk və Donbas bölgələri Rusiyanın ərazisi kimi tanınmalıdır. 


Belə ağır tələblərin danışıqlar öncəsində irəli sürülməsi nə ilə bağlıdır? 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, bu tələblər Rusiyanın hələ müharibənin əvvəlindən ortaya qoyduğu məqsədlərin davamıdır:


“Təbii ki, Rusiya tərəfinin yenidən irəli sürdüyü şərtlər, əslində, müharibənin ilk günlərindən mövcud idi. Müharibənin başlanğıcında Rusiya Kiyevdə özünə yaxın bir hakimiyyət qurmağa çalışırdı. Lakin bu plan reallaşmadı. Daha sonra döyüşlərdə diqqət Donbas bölgəsinə fokuslandı və məlum oldu ki, əslində, əsas hədəflər elə əvvəldən bu idi”.

 


Onun sözlərinə görə, Rusiyanın indi bu şərtləri yenidən gündəmə gətirməsi danışıqlar prosesinin gedişatı ilə bağlıdır:


“Trampın yenidən siyasətə qayıtması fonunda ABŞ və Rusiya arasında Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı müəyyən razılaşmaların əldə olunduğu görünür. Amma müharibənin hansı şərtlərlə bitəcəyi hələ də müzakirə olunur”.


A.Nərimanlı hesab edir ki, Rusiyanın bu mövqeyindən həm də ABŞ-yə təzyiq vasitəsi kimi istifadə olunur:


“Danışıqların gündəmə gətirilməsi, əslində, Rusiya üçün şərtləri daha da sərtləşdirmək və ABŞ-yə təzyiq etmək məqsədi daşıyır. Bu həm də Zelenskinin danışıqlarda iştirakına qarşı Rusiyanın mövqeyidir”.


Politoloq bildirib ki, İstanbul danışıqlarında Zelenskinin birbaşa Putinlə görüşmək təklifi də təsadüfi deyil:


“Zelenski dedi ki, razıyam, amma o halda ki, Putinlə birbaşa İstanbulda görüşsün. Bu isə iki məqsəd daşıyır. Əgər Putin bu görüşə razı olsa, bu, Zelenskinin legitimliyinin Rusiya tərəfindən tanınması anlamına gələcək. Çünki Rusiya Zelenskini legitim prezident hesab etmir. Digər tərəfdən, əgər Putin Zelenski ilə görüşə razı olmasa, İstanbul danışıqları pozulmuş sayılacaq və bu halda Rusiya məsuliyyət daşıyan tərəf kimi görünəcək”.


Putinin irəli sürdüyü tələblərin qəbul edilməsi ehtimalına da toxunan A.Nərimanlı bunun real olmadığını dedi:


“Putinin mövqeyi ondan ibarətdir ki, o, yalnız bütün şərtlərin qəbul olunacağı təqdirdə görüşməyə razıdır. Amma bu şərtlərin Ukrayna tərəfindən qəbul olunması real görünmür. Hətta ABŞ müəyyən güzəştlərə razı olsa belə, Putinin tələblərini tam həyata keçirilməsi mümkün deyil. Avropa İttifaqı da güzəştə getməməsi üçün Ukraynaya dəstək verir”.


Nəticə etibarilə, politoloq hesab edir ki, bu tələblər danışıqların uğursuzluğa düçar olacağını əvvəlcədən göstərir:


“ABŞ hərbi və maliyyə dəstəyini dayandırsa belə, bu, o demək deyil ki, danışıqlar avtomatik olaraq baş tutacaq. Hələ də tərəflər arasında ciddi fikir ayrılıqları mövcuddur”, – deyə Asif Nərimanlı vurğulayıb.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR