Hindistan-Pakistan gərginliyi artır - Azərbaycan hansı tərəfdədir?

Azərbaycan Xarici İşlər Nazirliyi mayın 1-də Hindistan-Pakistan gərginliyi barədə bəyanat yayıb. Bildirilib ki, Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlik narahatlıq doğurur. Azərbaycan XİN tərəfləri təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırıb.
Bununla yanaşı, bəyanatda münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inam ifadə edilib.
Maraqlıdır, artan Hindistan-Pakistan gərginliyi fonunda Azərbaycan necə davranacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Türkiyə kimi Azərbaycan da tərəflər arasında gərginliyin artmasında maraqlı deyil. Çünki bu ssenari ciddi beynəlxalq təsirlər vəd etməklə yanaşı, həm də nüvə müharibəsi riskini artırır. Azərbaycanın bu mövqeyi nazirliyin açıqlamasında da aydın şəkildə göstərilib.
Onun sözlərinə görə, rəsmi Bakı mövcud vəziyyətin həlli üçün beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirir:
“Daha əvvəl Pakistan da beynəlxalq araşdırmaya ehtiyac olduğunu bildirmişdi. Amma Hindistan hələ ki, bu məsələyə isti yanaşmır. Bu, Dehlinin destruktiv mövqeyi kimi də qiymətləndirilə bilər. Azərbaycanın araşdırma tərəfdarı olduğu isə göstərir ki, Bakı İslamabadın mövqeyini dəstəkləyir. Bəyanatda da göstərildiyi kimi, tərəflər arasında gərginliyin artması regional sabitlik və xalqların rifahı üçün təhlükəlidir. Rəsmi Bakı bunu nəzərə alaraq diplomatik səylərini davam etdirəcək. Amma əgər eskalasiya genişlənərsə, Bakı həm İslam Əmkdaşlıq Təşkilatı (İƏT) daxilindəki müttəfiqi, həm də ikitərəfli münasibətlərdə ciddi bə mühüm tərəfdaş Pakistanın maraqlarını gözdən gəlməyəcək. Əksinə, Bakı lazım gəlsə, İslamabadı dəstəkləməkdən də çəkinməyəcək. Nəzərə almaq lazımdır ki, həm də xalqlar arasında münasibətlər bunu tələb edir”.
K.Novruzov qeyd edib ki, Azərbaycan öz mövqeyində Çinin maraqlarını, həmçinin Pekin- Dehli münasibətlərini də nəzərə alacaq. Rəsmi Bakı Pekinlə inkişaf edən münasibətlərini görməzdən gəlməyəcək:
“Azərbaycan ayrı-ayrılıqda həm Pakistanın, həm də Hindistanın Cənubi Qafqaza və Qarabağ məsələsinə mövqeyini nəzərə alacaq. Pakistandan fərqli olaraq Hindistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü sual altına atıb. Hətta Hindistanın Ermənistanı silahlandırmasına dair də aydın məlumatlar var. Əlbəttə, rəsmi Bakı gələcək addımlarında bu məqamların hər birini nəzərə alacaq”.
Firuzə Əliyeva
Sfera.az