"Ermənistanın təxribatları müharibəyə səbəb ola bilər" - AÇIQLAMA

Son günlərdə Ermənistanın yenidən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə açması halları artıb.
Aprelin 10-da, saat 20:55-də Tovuz rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində silahlı təxribatın törədilməsi də bunun təsdiqidir.
Bəs Ermənistanın odlu silahlarla təxribat törətməsində məqsədi nədir? Bu hadisələr nələrə səbəb ola bilər?
Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, Ermənistanın hərbi təxribatlarının intensivləşməsi danışıqlar prosesində müəyyən nəticələrin əldə olunduğu, razılaşma mətninin hazır olduğu bir dövrə təsadüf edir:
“Görünən odur ki, məqsədli şəkildə sülh prosesinə əngəl yaradılır. Bu vəziyyətlə bağlı əsasən üç versiya irəli sürülə bilər. Birinci versiya ondan ibarətdir ki, bu təxribatları Ermənistan hökuməti bilavasitə özü törədir. Bu da onu göstərir ki, Ermənistan hakimiyyətinin sözü ilə əməlləri üst-üstə düşmür və sülhə dair bəyanatları qeyri-səmimidir. İkinci versiyaya əsasən, Ermənistan rəhbərliyi sülh istəsə belə, ölkə daxilindəki revanşist qüvvələr bu prosesə bilərəkdən mane olurlar. Məlumdur ki, Ermənistanda kifayət qədər revanşist qüvvələr mövcuddur və onlar Baş nazir Nikol Paşinyanın hakimiyyətinə tabe olmurlar. Bu qüvvələr müxtəlif yollarla danışıqlar prosesini pozmağa çalışırlar. Üçüncü versiya isə xarici güclərlə bağlıdır. Belə ki, regionda qeyri-sabitlikdə maraqlı olan bəzi üçüncü tərəflər Ermənistanı təxribatlara sürükləyir və İrəvanı destruktiv mövqe sərgiləməyə məcbur edirlər”.
Siyasi şərhçi dedi ki, əgər birinci versiya doğru olsa, bu, Ermənistanın sülh prosesində qeyri-səmimi olduğunu göstərir.
K.Novruzov qeyd edib ki, ikinci və üçüncü versiyalar doğrudursa, bu halda Ermənistan hakimiyyətinin siyasi iradəsinin zəif olduğu və ölkənin öz siyasətini müstəqil şəkildə idarə edə bilmədiyi aydın olur:
“Hər üç halda məsuliyyət Ermənistan hökumətinin və şəxsən Baş nazir Nikol Paşinyanın üzərinə düşür. Təxribatların davam etməsi sülh prosesini ləngitməklə yanaşı, sülh ehtimalını da azaldır və bölgədə növbəti gərginlik ehtimalını artırır. Əgər bu təxribatlar davam edərsə, Azərbaycan sonsuzadək səbr nümayiş etdirməyəcək və zərurət yarandığı təqdirdə adekvat, hətta preventiv cavab tədbirləri görəcək. Bu isə bölgədə lokal xarakterli növbəti hərbi əməliyyatları istisna etmir. Əgər bu cür təxribatlar davam edərsə və Ermənistan xarici güclərin təsiri ilə müharibəyə sürüklənərsə, o zaman bu ölkə həmin güclərin ipi ilə quyuya düşəcək və nəticədə yeni müharibə başlaya bilər”.
Fidan Hacızadə