Müharibə şəraitində olan hansı ölkələrdə prezident seçkiləri keçirilib? - ARAŞDIRMA

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Amerika Birləşmiş Ştatlarının Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcəyini bildirib. O qeyd edib ki, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur. Bundan sonra Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı dəstəyini ifadə edib. Baş nazir prezident Zelenskini demokratik yolla seçilmiş lider kimi dəstəklədiyini bildirib və müharibə zamanı seçkilərin təxirə salınmasının tamamilə ağlabatan olduğunu və Böyük Britaniyanın bunu II Dünya müharibəsi zamanı etdiyini bildirib.
Bəs müharibə fonunda prezident seçkiləri keçirilə bilərmi, dünya təcrübəsində belə hadisə olubmu?
Sfera.az bildirir ki, Ukrayna Konstitusiyasına əsasən, hərbi vəziyyət elan edildiyi müddətdə prezident seçkilərinin keçirilməsi qadağandır.
Bildiyimiz kimi, 2022-ci ilin fevralında Rusiya ilə müharibənin başlanmasından sonra Ukraynada hərbi vəziyyət tətbiq edilib və bu səbəbdən seçkilər təxirə salınıb. Son olaraq 2025-ci ilin fevralında hərbi vəziyyət yenidən uzadılıb. Ukraynada hərbi vəziyyət zamanı seçkilərin keçirilməməsi qanunvericiliklə təsbit olunub və bu, ölkənin təhlükəsizliyi və sabitliyini qorumaq məqsədi daşıyır.
Belə ki, müharibə şəraitində olan ölkələrdə seçkilərin keçirilməsi həm təhlükəsizlik, həm də legitimlik baxımından ciddi çətinliklər yaradır. Dünyanın müxtəlif ölkələrinin - ABŞ, Böyük Britaniya, Avropa ölkələri, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasında da hərbi vəziyyət zamanı seçkilərin keçirilməsi qəbuledilməzdir.
Ümumiyyətlə, müharibə şəraitində keçirilən seçkilər demokratik proseslərin həyata keçirilməsində ciddi maneələrlə üzləşir. Təhlükəsizlik problemləri, seçici iştirakının aşağı olması və legitimliklə bağlı suallar belə seçkilərin effektivliyini şübhə altına alır. Bəzi dövlətlərin sözügedən şəraitdə keçirdiyi seçkilərin uğursuz nəticələnməsi də bunu sübut edir.
Bunlardan biri Əfqanıstanda 2001-ci ildə Taliban rejiminin devrilməsindən sonra baş verib. 2004-cü ildə ilk prezident seçkiləri keçirilib. Seçkilər zamanı təhlükəsizlik təminatı üçün beynəlxalq qüvvələr geniş miqyasda iştirak ediblər. Buna baxmayaraq, Talibanın seçki prosesinə müdaxilə cəhdləri və seçicilərə qarşı təhdidləri seçici iştirakını azaldıb. Seçkilərin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınsa da, ölkədəki siyasi sabitliyi tam təmin edə bilməyib və münaqişələr davam edib.
Bundan başqa, 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxiləsi nəticəsində Səddam Hüseyn rejimi devrilib. Müharibənin ardından 2005-ci ildə İraqda ilk demokratik seçkilər keçirilib. Bu seçkilər zamanı təhlükəsizlik məsələləri əsas problem idi. Seçki məntəqələrinə edilən hücumlar və terror aktları seçici iştirakını məhdudlaşdırıb. Nəticədə, seçkilərdən sonra ölkədə məzhəb əsaslı siyasi qütbləşmə artıb və bu da davam edən zorakılıqlara səbəb olub.
Həmçinin 2011-ci ildə başlayan vətəndaş müharibəsi fonunda Suriya hökuməti 2014 və 2021-ci illərdə prezident seçkiləri keçirib. Bu seçkilər beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə tənqid olunub və qeyri-legitim hesab edilib. Müharibə şəraitində olan bölgələrdə seçkilərin keçirilməsi mümkün olmayıb və seçici iştirakının aşağı olması müşahidə edilib. Nəticədə, seçkilər ölkədəki siyasi böhranı daha da dərinləşdirib.
Digər prezident seçkiləri isə 2011-ci ildə Ərəb Baharı zamanı başlayan siyasi böhran nəticəsində 2012-ci ildə Yəməndə keçirilib. Seçkilərdə yalnız bir namizədin olması və davam edən silahlı münaqişələr seçkilərin legitimliyini şübhə altına alıb. Nəticədə, ölkədəki siyasi və hərbi vəziyyət daha da pisləşib.
Bütün bunları nəzərə alsaq, Ukraynanın hərbi vəziyyət şəraitində prezident seçkiləri keçirməməsi qanunauyğundur. Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasındakı əsas məqsəd Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-nin nəzarətinə keçməsini təmin etməkdir. Zelenski şərtləri qəbul etməyəcəyi təqdirdə, hakimiyyətin dəyişmə ehtimalını vurğulayaraq onu razılaşmağa məcbur etməyə çalışır.
Firuzə Əliyeva