"Paşinyan Putinlə razılaşıb, lakin ABŞ buna..." - Kritik Zəngəzur dəhlizi AÇIQLAMASI

"Paşinyan Putinlə razılaşıb, lakin ABŞ buna..." - Kritik Zəngəzur dəhlizi AÇIQLAMASI

Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 12-də İrəvanda keçirilən “Sülh qovşağı” konfransındakı çıxışı gündəm olub. O, Azərbaycan Respublikasının Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinə nəzarətlə bağlı danışıb. O deyib ki, Zəngəzur dəhlizində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız yolun monitorinqi funksiyası verilə bilər. Lakin bundan əvvəl Paşinyan Rusiyanın Zəngəzur dəhlizinə nəzarətini qəbul etmirdi. Hətta o, 10 noyabr Birgə Bəyannaməsinin qüvvədən düşdüyünü elan etmişdi. 

 

Ermənistan Baş nazirinin sözügedən açıqlaması nəyə hesablanıb?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Putinlə Paşinyan Moskvadakı görüşdə "Zəngəzur dəhlizi"nə nəzarətlə bağlı razılaşma əldə edib, ABŞ isə Paşinyanın bu qərarı ilə bağlı mövqe ortaya qoymayıb:

 

““Orta dəhlizi” Rusiyanın nəzarətinə vermək ABŞ, Türkiyə və Böyük Britaniyanın da geosiyasi maraqlarına ziddir. Ümumiyyətlə, Gürcüstan hökuməti Rusiya ilə əlaqələri inkişaf etdirdiyi üçün ABŞ “Zəngəzur dəhlizi"nin açılmasında maraqlıdır. Digər tərəfdən, Qərb “Orta dəhliz”in İran üzərindən reallaşmasını qəbul etmir. Paşinyanın bu qərarı isə Rusiyanın Ermənistanda və regionda mövqeyinin güclənməsinə və “Orta dəhliz”ə tam nəzarət etməsinə səbəb olacaq. Rusiyanın da istədiyi bu idi”.

 

Siyasi ekspertin fikrincə, Putin Paşinyanı ikitərəfli danışıqlarda iqtisadi və hərbi müstəvidə təhdid edib:

 

“Nəticədə, Paşinyan Rusiyanın dəhlizə nəzarət etməsinə razılaşıb. Fikrimcə, Rusiyanın "Zəngəzur dəhlizi"nə nəzarəti Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab vermir. Ermənistan Baş naziri də yaxşı bilir ki, çox məsuliyyətli və Ermənistan üçün təhlükəli bir prosesə razılıq verib. Ona görə də növbəti prosesdə Paşinyan öz mövqeyindən geri çəkilə bilər. ABŞ-nin bu xüsusda Ermənistan hakimiyyəti ilə sıx işləməsi, İrəvanı bu qərarından imtina etməyə sövq etməsi mümkündür”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR