Putinin YENİ PLANI: “O, Qərblə bu əraziləri bölüşdürmək istəyir” - AÇIQLAMA
Putin çox qütblü dünyanın formalaşması və yeni dünya nizamının yaradılması üçün Qərblə danışmağı təklif edib. O bu barədə Aşqabadda “Dövrlər və sivilizasiyalar arasındakı əlaqə - Sülhün və inkişafın əsası” adlı forumda çıxışında deyib.
“Bütün bunlar bu gün də ağıllı insanlar üçün yaxın və başa düşüləndir, xüsusilə dünyanın sivilizasiyanın qırılma xətlərinin yaratdığı misli görünməmiş təhlükələrlə, millətlərarası və konfessiyalararası münaqişələrlə üzləşdiyi, beynəlxalq münasibətlər zəmanəsinə qədəm qoyduğu indiki çətin şəraitdə aktualdır”, - Rusiya prezidenti bildirib.
Putinin sözügedən çıxışının pərdəarxasında nələr dayanır?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya liderinin çıxışından aydın olur ki, bu ölkənin Ukraynaya qarşı hərbi əməliyyatları yeni dünya nizamının yaradılması və öz təsir dairəsinin formalaşdırılmasına hesablanan siyasi addımdır:
“Putinin Türkmənistanda verdiyi bu bəyanat təsadüfi deyil. Mərkəzi Asiya uğrunda Qərblə Rusiya arasında rəqabət kəskinləşib. Burada Çin də mühüm rol oynayır. Amma Mərkəzi Asiya ölkələri Qərblə əməkdaşlıqda daha maraqlı görünür. Çünki Rusiya gələcək perspektivdə bu ölkələrin suverenliyini məhdudlaşdıra bilər. Bu il ərzində Fransa, Almaniya liderləri Mərkəzi Asiya ölkələrinə səfər edib. ABŞ bu ölkələrlə siyasi və təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirib, prezidentlərin iştirakı ilə konfranslar təşkil edib. Məhz baş verən bu proseslər fonunda Kreml rəhbərliyi Qərbin Mərkəzi Asiya siyasətindən narahatdır”.
Müsahibimiz qeyd edib ki, Putin Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsi hesab edir:
“O, Vaşinqtonla bir masa arxasında oturub dünyanı bölüşdürmək istəyindədir. Qərb liderləri isə bunun əleyhinədir. Məhz Ukraynadakı müharibə də bunun nəticəsidir. ABŞ və Böyük Britaniya Rusiyanın yenidən fövqəl dövlət statusu əldə edib, iki qütblü sistem qurmasına icazə verməyəcək. Ona görə də Putin hərbi yolla yeni siyasi nizam yaradaraq Rusiyanın təsir dairəsini formalaşdırmağa çalışır. Rəsmi Moskva Ukraynada müəyyən uğurlar əldə edərsə, Mərkəzi Asiya ölkələrinə təzyiqlərin gücləndirilməsi mümkündür. Bu baxımdan, ABŞ başda olmaqla, Qərb ölkələri Rusiyanın regional dövlət statusunda qalması üçün bütün ssenariləri tətbiq edəcəklər”.
Günay Rəsulqızı