Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarı niyə icra edilmir? - Politoloq AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin Türkmənistanda səfərdədir. Bundan əvvəl isə Ukrayna Xarici İşlər Nazirliyi Roma Əsasnaməsini imzalamayan Türkmənistanı Aşqabad səfəri zamanı Putini həbs etməyə çağırmışdı. Digər tərəfdən, sentyabrın əvvəlində Rusiya prezidenti Monqolustana da səfər etmişdi, hansı ki, bu ölkə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvüdür. Üzv ölkələr Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsi olan Roma Nizamnaməsinə əsasən həbs qərarı verildiyi təqdirdə şübhəliləri saxlamalıdır. Lakin Monqolustana səfər edən Putinə qarşı bu tətbiq edilmədi. Belə olduğu halda isə düşünülür ki, Rusiya prezidenti Roma Nizamnaməsini ratifikasiya edən bütün ölkələrə rahatlıqla səfər edə bilər.
Maraqlıdır, Putinin həbsinə order verənlər, buna imza atanlar niyə qərarı tətbiq etmir? Rusiya prezidenti nə zamansa Haaqa məhkəməsinə təhvil verilə bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, burada ən böyük problem hansısa strukturun qəbul etdiyi qərarın icra olunub-olunmaması deyil:
“Problem hüquqla bağlıdır. Yəni qlobal güclərin zamanında yaratdığı bu hüquqi nizam bu gün işləmir. Bu hüquqi nizamı pozan, ayaqlar altına sərən də məhz bu qanunların qəbul olunmasında bilavasitə iştirak edən qlobal güclərin özüdür. Bu gün təkcə Beynəlxalq Cinayət Məhkəməsi deyil, ən mötəbər təşkilat olan BMT işlək bir mexanizm kimi fəaliyyət göstərə bilirmi? BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri dünyada sülh və sabitliklə bağlı bilavasitə məsuliyyət daşısalar da, görünən mənzərə fərqlidir. Əslində BMT-nin işlək mexanizm olaraq fəaliyyət göstərə bilməmə səbəbləri də məhz bu daimi 5 dövlətdir. Bu gün dünyada baş verən müharibələr, onların qarşısının alınmasının mümkünsüzlüyünün əsas səbəbkarı onlardır. Hər bir dövət öz geosiyasi maraqları təmin olunmadığı təqdirdə, istənilən zaman qərar layihəsinə rahatlıqla veto qoyurlar və bu qərarın qəbul olunmasının qarşısını alırlar. Bu gün əvvəlcə güc tətbiq edilir, sonra bunu beynəlxalq hüquqa bağlayırlar. Ona görə bütün beynəlxalq münasibətlər sistemi darmadağın olub, hüquq prosedurları işləmir. Beynəlxalq hüquq sadəcə qlobal güclərin əlində alət olaraq istifadə olunur. Hər şey kökündən dəyişməlidir – BMT Təhlükəsizlik Şurasının bütün veto hüquqları ləğv olunmalı, eyni zamanda dünyanı idarə edəcək, qərar verəcək dövlətlərin sayı 5 deyil, daha artıq olmalı və bütün qütblər bu strukturda təmsil edilməlidir”.
Politoloq qeyd etdi ki, bu gün Beynəlxalq Cinayət Məhkəməsinin də qərarları icra olunmur və çox rahatlıqla gözardı edilir:
“Monqolustan kimi kiçik, zəif inkişaf etmiş bir ölkə Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olsa da, Roma Statusunu imzalamış olsa da, Putini həbs etməkdən imtina etdi. Bunun qarşılığı nə oldu? Heç nə.. Çünki beynəlxalq hüquq işləmir və bunu təmin edən dediyim kimi, qlobal güclərdir. Hüquq deyə bir anlayış mövcud deyil. Burada hansısa presedent axtarmağa lüzum belə yoxdur. Hüququ ayaq altına alanlar məhz Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Çin və digər qlobal güclərdir. Dünya yenidən şəkillənməli, yeni nizam formalaşmalıdır. Bunun üçün də böyük çaxnaşmaların, müharibələrin olduğunu hər kəs müşahidə edir”.
Günay Rəsulqızı