Azərbaycanın tarixi Zəfərinin MDB səviyyəsində təsdiqi - ŞƏRH
Beynəlxalq münasibətlər sistemində vacib aktorlardan biri kimi çıxış edən Azərbaycanın xarici siyasət kursu milli maraqlarımızı təmin etməklə yanaşı, həm də ölkəmizin nüfuzunu artırmaqdadır. Beynəlxalq aləmlə fəal əməkdaşlıq edən ölkəmiz keçmiş ittifaq ölkələri ilə də MDB çərçivəsində sağlam əlaqələr qurur, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişafa töhfələr verir. Bu baxımdan, Prezident İlham Əliyevin oktyabrın 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasına qatılması, səfər çərçivəsində keçirdiyi görüşlər mühüm məqamlarla yadda qaldı. Bütövlükdə, Prezident İlham Əliyevin Rusiya səfəri zəngin proqramı, Azərbaycan və Rusiya prezidentlərinin görüşlərində müzakirə olunan məsələlərin geniş spektri, iki dövlət arasında sağlam münasibətlərin inkişafı üçün yeni bir dönəmin başlandığını nümayiş etdirir. Bu səfər ikitərəfli və çoxtərəfli münasibətlərin daha da gücləndirilməsi, ortaq təmas nöqtələrinin daha da zənginləşdirilməsi, iqtisadi-siyasi, humanitar, mədəni platformada əlaqələrin dərinləşməsi baxımından da vacib bir səfərdir.
Sfera.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin etimad səviyyəsinin, əməkdaşlığın ardıcıl şəkildə, dövlətlərin maraqlarına uyğun bir formada qarşılıqlı faydalılıq müstəvisində inkişaf etdirilməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.
“İki ölkə arasında iqtisadi-ticari əlaqələr davamlı olaraq artmaqdadır. 2017-ci illə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox artıb.
Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Bundan başqa, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evlərinin açılması, humanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. kimi tədbirlər buna misaldır”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, səfərin ən yaddaqalan hadisəsi MDB Dövlət Başçıları Şurasının iclasında MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu. Dünənə qədər Laçının Azərbaycana aid olduğunu şübhə altına alan mövqelərin Laçını MDB-nin mədəniyyət paytaxtı elan etməsi mühüm siyasi və strateji əhəmiyyətli bir hadisədir. Bu, həm də Azərbaycanın suveren hüquqlarının bir daha tanınması və qəbul edilməsi deməkdir. Laçının MDB-nin mədəniyyət paytaxtı olması ilə bağlı verilən qərar Azərbaycanın tarixi Zəfərinin, Ermənistanın isə məğlubiyyətə uğramasının daha bir təsdiqi və MDB səviyyəsində etirafıdır.
“Laçın da digər Qarabağ torpaqları kimi 30 il düşmən tapdağında qalıb. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Bu mənada, Laçın şəhəri ilə bağlı verilən ədalətli qərar bütün ağrılı həqiqətlərin bir daha dünya ictimaiyyətinə çatdırılması deməkdir. Bu, beynəlxalq miqyasda daha bir siyasi uğurumuzdur. Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcək. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi tədbirlərin təşkilatçılarından biri statusunu daşımalı olacaq. Bir sözlə, qəbul olan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir”, - deyə C.Feyziyev vurğulayıb.
Hazırda Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığını deyən deputat bildirib: “BMT-nin İqlim Konfransı ilk dəfə olaraq postsovet məkanında - Azərbaycanda keçiriləcək. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı, təbii ki, dünya ictimaiyyətinin Azərbaycana inam və hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirə ev sahibliyi edəcək. COP29 çərçivəsində silsilə tədbirlər və beynəlxalq miqyaslı görüşlər artıq başlanıb.
Növbəti il isə Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
Azərbaycan Prezidentinin çıxışında digər həssas məsələ ortaq siyasi keçmişimiz və mənəvi dəyərlərimizlə bağlıdır. 2025-ci ildə II Dünya müharibəsinin başa çatmasının 80 illik yubileyi keçiriləcək. Azərbaycanın 2-ci dünya müharibəsində iştirakı və faşizm üzərində qələbənin əldə edilməsində tarixi rolu danılmazdır. Bu da MDB ölkələri arasında birləşdirici amildir. Nəticə etibarilə Azərbaycanın siyasi, iqtisadi, mədəni münasibətlərinin böyük hissəsi MDB-yə üzv ölkələrlə bağlıdır. Üstəlik MDB həm də TDT-yə üzv olduğumuz qardaş ölkələrin də məkanıdır. Ona görə də bu siyasi konstruksiya da milli maraqlarımızın və təhlükəsizliyimizin təmin olunması baxımından vacib bir platformadır.
Moskva səfəri zamanı etdiyi çıxışlarda Prezident İlham Əliyev son illərdə beynəlxalq münasibətlərdə müşahidə edilən son dərəcədə mənfi tendensiyalar barədə də fikirlərini bölüşdü. Bu neqativ tendensiya Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın “dəyənək kimi” istifadə etdiyi sanksiyalarla bağlıdır. “Rossiya-1” televiziya kanalına müsahibəsində dövlət başçısı qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə sanksiyaların mövcud olmağa haqqı olmadığını diqqətə çatdırdı.
ABŞ-ın Ermənistanı silahlandırması, özünü "sülh göyərçini" kimi göstərməklə yanaşı, Cənubi Qafqazda yeni müharibəyə şərait yaratması heç kimə sirr deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Pallone, Adam Şiff və başqalarını əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsinin əleyhinə olaraq Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton “insan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Buna görə Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Ancaq Azərbaycan hər zaman olduğu kimi indi də hansısa gücün oyunlarında iştirak etmir”.
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı, keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər ölkəmizin milli maraqlarının təminatı baxımdan çox faydalı oldu. Azərbaycanın bölgədə artan önəmi, regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələrin beynəlxalq aləmdə geniş miqyasda diqqət çəkməsi nəzərəçarpacaq dərəcədə müşahidə olunmaqdadır. Ən vacibi isə odur ki, dövlətimizin başçısının bu səfəri və əldə olunan nəticələr təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət kəsb edir.