Ortaq türk əlifbası necə və harada istifadə olunacaq? - AÇIQLAMA
Xəbər veridiyimiz kimi, dünən Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.
Bəs bu əlifbadan harada istifadə olunacaq? Ümumilikdə, bütün türk dövlətlərinin əlifbası dəyişəcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, bu əlifbanın nəzəri sənəd olmadığını göstərmək üçün yaxın perspektivdə özünü türk hesab edən hər bir dövlət bunu qəbul etmə öhdəliyi götürməlidir:
“Əgər belə bir öhdəlik olarsa, 6 türk dövlətində bu keçərli ola bilər. Lakin buna nə qədər gedilcəyi şübhə doğurur. Hər bir xalqın öz həssasiyyəti var. Məsələn, azərbaycanlı istər ki, onun əlifbası götürülsün, özbək də öz əlifbasını. Burada, heç olmasa, model olaraq bir əlifbanın hamı tərəfindən qəbul olunması prinsipinə gedilməlidir. Əslində, 34 hərfdən ibarət olan bir əlifba elə də işlək mahiyyət daşımayacaq. Bu, sadəcə nəzəri bir razılaşmadır”.
Millət vəkilinin sözlərinə görə, ortaq əlifba nəşriyyat sistemi geniş olan bir türk dövlətinin əlifba modelinə uyğunlaşdırıla bilərdi:
“Daha çox əhali sayına görə geniş imkanı olan türk əlifbası modelini düşünmək olardı. Anadolu türkcəsi mərkəzli modelə keçmək daha praktik yol idi. Bəlkə də, onun da effekti olmayacaqdı, çünki bu, özbək və ya qırğız dilində səs məsələsinə problem yaradardı. Lakin ingilis dili nümunəsi var, onlarda heç də bütün hərflərin olması tələbi yoxdur və daha çox bu modeldə səslər artırılır. Burada hərflər eyni qaydada qalır, sadəcə səsləri əvəz edəcək bir mexanizm tapıla bilərdi.Lakin indiki variantda bu əlifbanın bütün türk dövlətləri tərəfindən qəbul olunması ehtimalı elə də böyük deyil. Elə bir yol tapmalıyıq ki, bu yolu hamı müəyyən dərəcədə asanlıqla keçə bilsin. Artıq hər kəsdə oturuşmuş kitab, nəşr və təhsil sistemi var. Birdən-birə sistemi bu formada dəyişmək çox çətindir. Hər halda bu məsələ müzakirəyə açıqdır və üzərində düşünməliyik”.
Deputat Naqif Həmzəyev isə bildirib ki, ortaq türk əlifbasının formalaşdırılması böyük addımdır:
“Uzun müddətdir ki, ortaq türk əlifbasının formalaşdırılması ilə bağlı işlər gedirdi. Artıq 34 hərfdən ibarət türk əlifbası təklifi razılaşdırılıb. Bu əlifba bütün türk dövlətlərinin daha yaxın olmasını təmin edəcək və yaxın gələcəkdə bəzi çətinliklərin də qarşısını almış olacaq. Ortaq türk dilinin istifadəsi ilə bağlı da işlər aparılır. Burada müəyyən problemlər var. Ortaq türk dili deyəndə biz təbii ki, digər dövlətlərə “gəlin, azərbaycanca danışın” deyə bilmərik”.
Millət vəkili qeyd edib ki, ortaq türk əlifbasının qəbul olunması bizim əlifbamıza təsir etməyəcək:
“Bəzi insanlar əlifbamızın dəyişəcəyini düşünür. Məsələ ondan ibarətdir ki, bizim dildə hansı hərflər varsa, onları istifadəyə davam edəcəyik. Eyni zamanda, əlifbada elə hərflər var ki, onları özbək, türkmən qardaşlarımız istifadə edir. Digər tərəfdən bizim “x” hərfimizi türklər istifadə etməyəcək. Bu, bütün türk dövlətlərinin ortaq əlifbasıdır. Burada bütün türk dövlətlərində istifadə olunan hərflər öz əksini tapıb. Azərbaycanda artıq uzun illərdir, latın əlifbasına keçid edilməsinə baxmayaraq, bəzi türk dövlətləri bu prosesi hələ tam reallaşdıra bilməyiblər. Həmin dövlətlər 34 hərfli əlifba ilə öz islahatlarını tamamlayacaqlar. Nəticədə, bizim əlifbada heç bir dəyişiklik olmayacaq. Digər bütün dövlətlər də öz əlifbalarını istifadə edəcəklər, sadəcə latın əlifbasına keçidi tamamlamış olacaqlar. Biz isə digər türk dövlətlərində istifadə olunan hərfləri də tanımış olacağıq, onların dilində yazılan sözləri də rahatlıqla oxuya biləcəyik”.
Firuzə Əliyeva