"Paşinyan Rusiya masasına getməmək üçün Bakının təklifi ilə razılaşır" - AÇIQLAMA

"Paşinyan Rusiya masasına getməmək üçün Bakının təklifi ilə razılaşır" - AÇIQLAMA

“Ermənistan dünən Azərbaycana sülh sazişi ilə bağlı yeni təklif təqdim edib. Rəsmi Bakı hələ ki onunla tanış olmayıb”.

 

Bunu ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında çıxışı zamanı deyib. “Ən son sülh sazişi layihəsində 17 maddə var ki, bunlardan 13-ü, preambula daxil olmaqla, artıq tam razılaşdırılıb. Daha üç maddə birdən çox cümlədən ibarətdir ki, onlar da razılaşdırılıb", - Paşinyan qeyd edib. 

 

O həmçinin çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə sərhəddə ikitərəfli görüş keçirməyi təklif edərək deyib: “Biz ilkin olaraq Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlara üstünlük veririk”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ikitərəfli danışıqlar, o cümlədən sərhəddə görüş Azərbaycanın təklifidir:

 

“Hazırda İrəvan tərəfi silahlanır, amma bunun hərbi eskalasiyaya gətirib çıxaracağını istisna edirəm. Çünki danışıqlar gedir və ikitərəfli razılıqlar var. Rusiya Azərbaycanı Ermənistana qarşı təzyiqlərə sövq etməyə çalışır. Həmçinin Bakıdan Zəngəzur dəhlizinin sülh şərtlərinə daxil edilməsini və hərbi təzyiqlərə əl atılmasını istəyir. Lakin rəsmi Bakı buna getməyəcək”.

 

Ekspert bildirib ki, Fransa da hərbi eskalasiyada maraqlıdır:

 

“Ermənistan hakimiyyəti Fransanın diktəsi ilə danışıqları pozar, hərbi təxribatlara gedərsə, itirən tərəf özləri olacaq. Paşinyan bilir ki, bunun nəticələri Ermənistan üçün arzuolunan səviyyədə olmayacaq. Ermənistan və Azərbaycan arasında yeni bir çərçivə sazişinin imzalanması mümkündür. Fikrimcə, Bakı və İrəvan arasında çox ciddi razılaşmalar mövcuddur”.

 

Siyasi şərhçi Asif Nərimanlı isə xatırladıb ki,  Bakı ikitərəfli format və sərhəddə görüş məsələsi üzərində israrla dayananda İrəvan üçüncü tərəflərin iştirakında maraqlı tərəf kimi çıxış edirdi:

 

“Nikolun U dönüşünün səbəbi Putinin ondan istədikləri və Moskvada görüşün gündəmə gəlməsidir. Rusiya masasına getməmək üçün ikitərəfli formatın əhəmiyyətini irəli sürür. Lakin situasiya dəyişəndə - Rusiyanın təşəbbüsü arxa plana keçəndə İrəvan yenə Qərb ölkələrinin iştirak edəcəyi çoxtərəfli formata qayıdacaq”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR