“Yaşasın Azərbaycan” şüarı ilə seçkiyə qatılan Pezeşkian İran prezidenti seçilə bilərmi? - AÇIQLAMA

“Yaşasın Azərbaycan” şüarı ilə seçkiyə qatılan Pezeşkian İran prezidenti seçilə bilərmi? - AÇIQLAMA

İranda növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürən 6 şəxsdən biri də Məsud Pezeşkiandır. 70 yaşlı Pezeşkian Soyuqbulaq (Mahabad) şəhərində azərbaycanlı ailəsində anadan olub. Seçkiqabağı təşviqat zamanı o, azərbaycanlı olması ilə fəxr etdiyini bildirib. O, bir neçə gün əvvəl Tehran vilayətinin Vəramin rayonunda çıxışı zamanı “Yaşasın Azərbaycan” şüarını səsləndirib.

 

Maraqlıdır, sözügedən şəxs İran prezidenti ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Pezeşkian prezidentliyə namizəd olan siyasətçilərlə müqayisədə daha müsbət imicə sahib şəxs sayılır:

 

“Onun korrupsiya və digər repressiyada adı hallanmır. Daha çox azərbaycanlı türklərin haqlarını gündəmə gətirməklə fars millətçilərinin hədəfinə gəlir. Məsud Pezeşkian parlament tribunasından azərbaycanlıların haqlarını müdafiə edib. İslahatçı qanada mənsub olan azərbaycanlı namizədin qalib gəlmək şansı yüksəkdir. Amma İran siyasi sisteminə nəzarət edən SEPAH-ın hakimiyyəti ona buraxacağı real görünmür. Həmçinin Pezeşkian sistemin yetişdirməsidir və Ali dini rəhbər Xameneinin dəstəyi ilə seçki marafonuna qoşulub. Onu bu seçkiyə buraxmaqda məqsəd isə Güney Azərbaycan seçicilərinin prosesdə fəallığını artırmaq və seçki ab-havası yaratmaqdır”.

 

Politoloq bildirib ki, Pezeşkian seçki kampaniyasını uğurla həyata keçirir və teledebatları mübahisəli şəkildə davam etdirir:

 

“Bu da ölkədə “demokratik” bir seçki görüntüsü yaradır. İran hakimiyyət sisteminə bu lazımdır. Onlar ölkədə bir neçə ildir passiv keçən seçki prosesini aktivləşdirə biliblər. Təbii ki, Pezeşkian prezident seçilərsə, sistemin xəttindən kənara çıxa,  Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına nail ola bilməz. Onun dedikləri reallıqları əks etdirsə də, bu, sadəcə seçki prosesi üçündür və yerinə yetirilməsi üçün ilk növbədə sistemin icazəsi lazımdır.  Ümumiyyətlə , İranda hakim sistem milli haqları tanımır. Fikrimcə, Məhəmməd Bağer Qalibaf yaxud Səid Cəlili prezident elan oluna bilər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR