"Bələdiyyələrə ayrılan büdcə azdır" - Millət vəkili

“2023-cü ilin dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyanın məbləği 5 milyon 500 min manat olub”.
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Yerli özünüidarəetmənin təməl prinsipləri və tarixi inkişaf mərhələləri" kitabının təqdimatında deyib.
Millət vəkili bildirib ki, bələdiyyələrin səlahiyyət məhdudluğu, maliyyə resurslarının yetərsizliyi onun mühüm özünüidarə statusu qazanmasına mənfi təsir etsə də, bələdiyyələrin sayı da burada az rol oynamayıb:
“Xatırladaq ki, 1999-cu ildə onların sayı 2667, 2004-də 2731 idi. Lakin bu qədər çoxsaylı olması səbəbilə məhdud əhali, torpaq sahəsi və resursları əhatə etməsi, dolğun büdcə formalaşdıra bilməməsi, yerli problemlərin öhdəsindən gəlməməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, bələdiyyələrin sayının azaldıması haqqında qərar qəbul edilib. Nəticədə, 2009-cu ildə 1716, 2014-cü ildə 1607, 2019-cu ildə isə 1606 bələdiyyə vahidi seçilib. Nəhayət, son 2024-cü ildə qəbul edilən qərarla ölkə üzrə son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla birləşdirilib".
Z.Orucun sözlərinə görə, dünyada yerli özünüidarəetmə sistemlərinin formalaşmasında hər bir ölkənin tarixi inkişaf xüsusiyyətləri əhəmiyyətli rol oynayır:
“Daha konkret desək, eyni unitar quruluşa və prezident üsul-idarəsinə malik ölkələrdə hər bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər təşkil edir. Ölkəmizdə isə bu rəqəm 6,5 min nəfərdir. Əhalinin hər 100 min nəfərinə düşən bələdiyyə sayı orta hesabla Türkiyədə 1,6, Gürcüstanda 1,8, Estoniyada 5,9, Azərbaycanda isə 16,1 bələdiyyə təşkil edir.
Qeyri rəsmi rəqəmlərə görə, 2023-cü ildə bütün bələdiyyələrdə 36 milyon manat büdcə vəsaiti formalaşıb, lakin 1600-dən çox bələdiyyə üçün bu rəqəm 2005-ci ildəki 50 milyonluq səviyyədən də aşağıdır”.
Firuzə Əliyeva