"Ermənistan sülh üçün ona görə tələsir ki, kənar güclərin..." - AÇIQLAMA

Ötən gün Ermənistan baş nazir aparatının rəhbəri Arayik Arutyunyan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanması üçün hər şeyi edir və sənəddə erməni tərəfinin maraqları da nəzərə alınmalıdır. Arutyunyan əmindir ki, sazişin imzalanması Ermənistan və bütövlükdə regionda sülh üçün daha ciddi təminatlar yaradacaq.
İki ölkə arasında sülh nə zaman mümkün olacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, rəsmi İrəvan son zamanlar mümkün sülh sazişi ilə bağlı müsbət mövqe ortaya qoyur və bu, Bakının regionda yaratdığı yeni reallıqların nəticəsidir:
“Ermənistan Baş naziri Nikol Paşinyan və onun komandası yaxşı başa düşür ki, indiki məqamda nə Rusiyaya, nə də Qərbə bel bağlamaq olar. Xüsusilə rəsmi Vaşinqton və Parisin bəzi bölgələrdə, o cümlədən Şərqi Avropada, Yaxın Şərqdə nələr etdiyi, Ukrayna və Gürcüstanı necə yarı yolda qoyduğu İrəvana yaxşı məlumdur. Odur ki, Ermənistana yeni təhlükəsizlik təminatı lazımdır. Bu isə regional əlaqələrin inkişafından, həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin düzgün qurulmasından asılıdır. İrəvanın ehtimal olunan aqressiv və rəvanşist siyasəti isə perspektivdə yeni hərbi toqquşmaya, müharibəyə səbəb ola bilər. Bu isə vaxtı ilə "Yeni ərazilər üçün yeni müharibə" prinsipi ilə çıxış edən Ermənistanın yeni əraziləri də itirməsi deməkdir. Daha doğrusu, bu halda Azərbaycan diplomatik yolla qaytarılmasını nəzərdə tutduğu Zəngəzuru, Göyçəni və digər tarixi torpaqlarını hərbi yolla azad edə bilər. Ermənistan yaxşı bilir ki, belə bir təhlükə yaranarsa, onu nə Qərb, nə də Rusiya müdafiə edəcək. Beləliklə, Paşinyan administrasiyası reallıqları anlayır”.
Müsahibimiz bildirib ki, məhz bu səbəblərdən Ermənistan sülh üçün tələsir:
“Hazırda sülh sazişinə mane olan əsas məsələ İrəvanın kənar güclərin, xüsusilə Fransanın təsiri altında olmasıdır. Çünki Paris Bakıya qarşı əsassız ittihamlar səsləndirməyə davam etməklə yanaşı, həm də regionda sülh istəmir. Belə ki, bölgədəki ehtimal olunan sülh quruculuğu Yelisey Sarayının Cənubi Qafqazla bağlı planlarına ziddir. Nəzərə almaq lazımdır ki, Paris yalnız gərginlik vasitəsilə regional təsir imkanlarına malik ola bilər. Odur ki, Yelisey Sarayı sülh quruculuğu prosesinə əngəl olmaq üçün bütün imkanlardan istifadə edir, İrəvana təzyiq və təsir göstərir. Bu mənada ikitərəfli əlaqələrin hazırkı səviyyəsi Fransanın "əlinə oynamaq" deməkdir. Eyni zamanda Ermənistan, həqiqətən, sülh istəyirsə, Azərbaycanla ikitərəfli əlaqələri gücləndirməlidir. Bu, İrəvana kənar güclərin təsirindən çıxmağa kömək edər”.
Ekspert son olaraq vurğulayıb ki, Ermənistan ən qısa vaxtda regionda sülhün təmin olunmasını istəyirsə, Azərbaycanın şərtləri ilə razılaşmalıdır.
Günay