Ukraynanın NATO silahları ilə Rusiyadakı hərbi obyektləri vurması müharibənin taleyini dəyişəcək? - AÇIQLAMA

Son günlər Rusiyanın Xarkov istiqamətində başlatdığı hücum əməliyyatı fonunda bir sıra mövzular gündəmə gəlib. Bunlardan biri də Rusiya ərazisinin Qərb silahları ilə vurulmasına icazə ilə bağlıdır. Belə ki, ötən gün Ukrayna lideri Volodimir Zelenski də NATO ölkələrinə müraciət edib. O, Qərbdən Ukraynanın Rusiya ərazilərinə hücum etməsinə icazə verməsini xahiş edib. Onun sözlərinə görə, Rusiya Federasiyasının mülki infrastrukturuna hücumların qadağan edilməsi vicdansızlıqdır.
Digər tərəfdən, sözügedən qadağaların aradan qaldırılması istiqamətində önəmli addım atılıb. Belə ki, NATO Parlament Assambleyası Sofiyada keçirilən yaz sessiyasında Ukraynaya NATO silahlarından istifadə etməklə Rusiya ərazisindəki hədəflərə hücum etməyə icazə verən düzəlişi böyük səs çoxluğu ilə təsdiqləyib. Yekun bəyannamədə qeyd olunur ki, Ukraynanın Rusiya ərazisindəki “qanuni hədəflərə” (hərbi obyektlərə) hücum etməsinə icazə verilir. Doqquz ölkənin nümayəndəsi bu təşəbbüsü dəstəkləməsə də, bəyannamə səs çoxluğu ilə qəbul olunub. Sənəddə həmçinin Ukraynaya qələbə qazanana qədər yardım ediləcəyi göstərilib.
Maraqlıdır, bu qərar hansı nəticələrə səbəb olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, kollektiv Qərb Rusiya hücumlarının Avro-Atlantik məkanı təhdid etdiyinin fərqindədir. Ekspertin sözlərinə görə, Moskvanın durdurulması Qərb üçün prioritet kimi qəbul edilib:
“Bundan sonra NATO silahları ilə Ukrayna Rusiya ərazisində hərbi mövqelərə və ordunun cəmləşmə sahələrinə intensiv raket zərbələri endirəcək. Bu kimi raket hücumları Rusiya ordusunun qarşısını əhəmiyyətli şəkildə almaq iqtidarındadır. Fikrimcə, Rusiya qoşunlarının hücum intensivliyinin qarşısı alınıb deyə, Zelenski də Avropa turnesinə çıxıb”.
Müsahibimiz bildirib ki, NATO silahlarından istifadəyə icazə verilməsi Rusiya və Alyans arasında faktiki hərbi toqquşma deməkdir:
“Ukraynanın növbəti aylarda hərbi təşəbbüsü ələ alacağı mümkündür. Diplomatik danışıqlara gəldikdə, bunun üçün siyasi ortamın formalaşması müharibənin gedişindən asılı olacaq”.
Günay