Millət vəkilləri Xəzərdə süni adanın inşası ilə bağlı məsələni MÜZAKİRƏ ETDİLƏR

Millət vəkilləri Xəzərdə süni adanın inşası ilə bağlı məsələni MÜZAKİRƏ ETDİLƏR

“Xəzər dənizinin əvvəl 300, indi isə 140 metr məsafəsində tikinti işləri aparmaq olmaz. Əgər dənizin ortasında hansısa adalar yaradırıqsa, digər qanun layihəsi necə öz həllini tapacaq?”. 

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

 

“Xəzər dənizi sülh və əmin-amanlıq rəmzidir. Eyni zamanda, Çin, Rusiya, Yaponiya və ABŞ kimi ölkələrdə hərbi-strateji məqsədlərlə adalar yaradılır. Gələcəkdə bizdə də belə bir şeyə ehtiyac duyulacaqmı? Digər tərəfdən isə investisiya qoyan şirkətlərin cəlb olunması necə baş tutacaq? Güzəştlər nəzərə tutulubmu? Çünki işin həcmi olduqca böyükdür. Burada tikinti adi yerlərdə olanlardan daha çətindir“, - millət vəkili qeyd edib.

 


Deputat Qüdrət Həsənquliyev Siyavuş Novruza cavabında bildirib ki, Torpaq məcəlləsinə görə, qanunda bu məsələ öz əksini tapıb:

 

“Qaradağ rayonunda belə bir layihə ilə bağlı dövlət bankından 1 milyarddan artıq məbləğ alınıb, lakin göz dağı kimi yarımçıq qalıb. Meqa layihələr üçün bank zəmanəti olmalıdır. Çünki bu dövlət bankı ola bilməz. Dövlət banklarının özəlləşdirilməsi də gündəmdədir. Bu bank sonradan özəlləşə də bilər və layihədən imtina edə bilər. Dövlət banklarının belə layihələri maliyyələşdirməsinə qanunla qadağa qoyulmalıdır. Bundan başqa, orada ekspertiza aparılmalıdır. İnvestorun maliyyəsi barədə sənəd tələb olunmalıdır. Süni ada yaradıb, üzərində milyardlara bərabər tikinti aparılacaq. 5-ci maddəyə görə, 2016-cı ildə edilən dəyişiklikdə bildirilir ki, dövlət sahibkarlıq sahəsində sadəcə dövlət maraqlarına uyğun tənzimləmələr həyata keçirir. Dövlət sahibkarlıqla məşğul olmamalıdır. 8.3-cü maddə ilə bağlı süni torpaq sahəsi yaradılandan sonra dövlətin mülkiyyətinə keçir. Bu nə deməkdir? Mən öz pulumla süni torpaq sahəsi yaradıram. Niyə sonradan dövlətin hesabına keçir ki? Buna dəyişiklik edilməlidir”.


Deputat Nurlan Həsənov isə bildirib ki, sahilboyu ərazilərin özəlləşdirilməsi ilə bağlı qadağa var, lakin istisna da mövcuddur:


“Dünya təcrübəsində hərbi məqsədlər üçün adalar yaradılsa da, bizdə bu iqtisadi məqsəd daşıyır. Xarici inverstorlarla bağlı isə deyə bilərəm ki, onların cəlb olunması hədəfdir”. 

 

Millət vəkili Tahir Mirkişili qeyd edib ki,  bu qanun layihəsi süni adanın inşası üçündür:

 

“Necə ki, yol çəkilir, hansısa sahibkar otel tikir, bu da eynidir. Gələcəkdə sahibkar müəyyən vergilərdən azad ola bilər. Torpaq məcəlləsinə görə süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır. Bu, dünyanın hər yerində belədir. Torpağın sahibkarın mülkiyyətində olması əlavə xərcdir. Sahibkara maraqlı olan onun üzərindəki mülkiyyətdir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR