İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.

 

Maraqlıdır, hansı ölkənin ordusu daha güclüdür?

 

Sfera.az bildirir ki, İranın coğrafiyası və əhalisi İsraildən qat-qat böyükdür. Təxminən 90 milyon əhalisi olan ölkənin İsraildən 10 dəfə böyük olduğu bildirilir. Amma bu o demək deyil ki, İran daha güclü hərbi qüvvələrə malikdir. Mütəxəssislər qeyd edirlər ki, İran bu illər ərzində raketlərə və pilotsuz uçuş aparatlarına böyük sərmayə qoyub. Özünün böyük arsenalına malik olsa da, İranın ən böyük çatışmazlığı müasir hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələridir. İsrail isə dünyanın ən qabaqcıl hava qüvvələrinə malikdir.

 

Qlobal hərbi imkanları qiymətləndirən və müdafiə büdcələrini ehtiva edən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı hesabata görə, İsrailin F-15, F-16 və ən yeni F-35 təyyarələri də daxil olmaqla, ən azı 14 döyüş təyyarəsi donanması var.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silah transferləri ilə bağlı dərc etdiyi son araşdırmaya görə, 2019-2023-cü illər arasında İsrailin silah idxalının 69 faizi ABŞ-dən, 30 faizi isə Almaniyadan olub. Bundan əlavə, İsrail dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərindən birinə malikdir.

 

Digər tərəfdən, İsrailin özünün nüvə silahına sahib olduğu düşünülür, lakin ölkə mövzu ilə bağlı rəsmi açıqlamalarında qeyri-müəyyən cavablar verməyə davam edir. İranın isə heç bir nüvə silahına malik olmadığına inanılır və Tehran nüvə silahı yaratmaq üçün mülki nüvə proqramından istifadə etməyə cəhd etdiyinə dair iddiaları rədd edir.

 

Keçən il Beynəlxalq Atom Enerjisi Agentliyi İranın “Fordo” adlı yeraltı nüvə obyektində 83,7 faiz saflıqda zənginləşdirilmiş uran hissəciklərini aşkar edib. Zənginləşdirilmiş uran nüvə yanacağı ilə yanaşı, nüvə silahı hazırlamaq üçün də istifadə edilə bilər. Nüvə silahları üçün uran 90 faiz zənginləşdirilməlidir.

 

Tehran administrasiyası 2015-ci ildə ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya ilə imzalanmış nüvə sazişi çərçivəsində yalnız aşağı səviyyədə zənginləşdirilmiş uranın istehsalına razılaşıb. Lakin ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxdıqdan və İrana qarşı sanksiyaları saxlamaq qərarına gəldikdən sonra saziş iflasa yaxınlaşıb. Tehran administrasiyası razılaşmanı pozaraq iki ildən artıqdır ki, uranı 60 faiz saflığa qədər zənginləşdirir.

 

Günay


OXŞAR XƏBƏRLƏR