Ermənistan martın 29-da bu qərarı verə bilər: "Kreml Paşinyanı cəzalandırmaqda..."

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, Ermənistan Rusiyaya daha bir zərbə vura, “Mir” sistemindən imtina edə bilər. Qeyd olunub ki, xüsusilə Kremlə bağlı ekspertlər İrəvanın Qərblə əməkdaşlığını tənqid edirlər. Bildirilib ki, Kremlin ruporları Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsini rəsmi İrəvanın Qərblə əməkdaşlığı ilə əlaqələndirirlər:
“Onların fikrincə, Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığını gücləndirməsi bu dövlətin suverenliyini itirməsinə bərabərdir”.
Məlumatda, həmçinin yazılıb ki, ABŞ-nin sanksiyaları postsovet ölkələrinin maliyyə sektoruna təsir etməkdə davam edir:
“Qazaxıstanda iki bank bu yaxınlarda Rusiyanın “Mir” milli ödəniş sistemindən istifadəni qadağan edib. “Freedom Finance Bank” fevralın 28-də, “Bereke” bankı isə martın 6-da “Mir” sistemindən istifadəni qadağan edib. Ermənistan Mərkəzi Bankının isə bir neçə gün sonra, martın 29-da “Mir” sistemindən istifadəni qadağan edəcəyi gözlənilir”.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşən templə davam edir. Müsahibimizin sözlərinə görə, bunun əsas səbəbi Ermənistan baş naziri Nikol Paşinyanın Qərbpərəst siyasətidir:
“Ümumiyyətlə, Paşinyan hakimiyyətə gələndən bəri Ermənistanda Qərbmeyilli ideologiya fəallaşıb. Vaxtı ilə Paşinyanı iqtidara gətirən Qərb, ondan bölgədəki təsir imkanlarının güclənməsi üçün istifadə edir. Bu isə öz-özlüyündə ənənəvi İrəvan - Moskva münasibətlərinə zərbə vurur. Qərb xüsusilə mövcud geosiyasi vəziyyətdən istifadə edərək Ermənistan vasitəsilə Rusiyanın "damarına basmağa" davam edir. Rəsmi İrəvanın taleyi hər gün ABŞ və Aİ-dən daha çox asılı olur”.
Ekspert bildirib ki, Ermənistan Qərb üçün sadəcə alətdir:
“İstifadə edəndən sonra kənara qoyacaq. Biz oxşar ssenarini Yaxın Şərqdə, Şərqi Avropada da görmüşük. Əslində ABŞ institutunun iddiasında həqiqət var. Belə ki, Ermənistan Aİ ilə yaxınlaşmaqla Rusiyanı qıcıqlandırır. Bu isə bir müddətdən sonra Kremlin Paşinyan hakimiyyətinə qarşı radikal addımları ilə nəticələnə bilər. Etiraf etmək lazımdır ki, Ermənistanda hakimiyyəti dəyişmək, həmçinin Paşinyanı fiziki şəkildə aradan qaldırmaq rəsmi Moskva üçün o qədər də çətin deyil. Bunu Paşinyan da bilir. Amma, görünür, Qərbdən ciddi təhlükəsizlik təminatı alıb. Üstəgəl, Qərbin təhriki ilə tədricən Rusiyaya meydan oxumağa çalışan Ermənistanın indi ABŞ və Aİ- nin "çətiri altına girməkdən" başqa yolu yoxdur. İrəvan Qərbin direktivlərindən imtina edərsə, bu zaman "şimal ayısı" ilə üz- üzə qalacaq. Ermənistan isə buna hazır deyil. Ona görə də Qərbin "qucağına oturmağa" razıdır, başqa yolunun olmadığını bilir”.
K.Novruzov vurğulayıb ki, Ermənistanla Rusiya arasında davam edən gərginliyin nəticəsi kimi nəzərdən keçirilən əsas ssenarilərdən biri, ikincinin birincinin ərazisinə hərbi müdaxiləsidir:
“Amma bu, rəsmi Moskva üçün arzuolunan effekti verməz. Əksinə, bu halda Ermənistanın poliqona çevrilməsi və Rusiyaya qarşı ikinci cəbhənin açılması real təhlükəyə çevriləcək. Moskva bunu bilir. Ona görə də təmkinli davranır. Əgər Kreml Paşinyanı cəzalandırmaqda israrlı olsa, yəqin ki, bunu daha sakit formada etməyə çalışacaq. Gələcəkdə Ermənistanın Rusiyadan bir az da uzaqlaşması, o cümlədən "Mir" bank sistemindən çıxması real məsələdir. Çox güman, hazırda baş verən proseslərin davamı gələcək. Beləliklə, əslində Ermənistan üzərindən Qərblə Rusiya arasında ciddi oyun gedir. Paşinyanın "qaş düzəltmək istəyərkən göz çıxarması" mümkündür”.
Günay