Prezident seçkilərində səsvermə hansı üsulla həyata keçiriləcək? - AÇIQLAMA

Prezident seçkilərində səsvermə hansı üsulla həyata keçiriləcək? - AÇIQLAMA

Uzun illərdir ki, Estoniyada, Rusiyada, son illərdə isə hətta Gürcüstanda, Qazaxıstanda və Ermənistanda pilot qaydada da olsa, müxtəlif səviyyəli seçkilərdə elektron səsvermə təşkil olunur.Yəni bu ölkələrdə məhdud sayda seçicilər (Estoniyada xeyli sayda vətəndaşlar, Rusiyada müəyyən vilayətlər, Gürcüstanda 100 , Ermənistanda 650 seçici ) seçki məntəqəsinə getmədən, müxtəlif üsullarla identifikasiya olunaraq səsvermə prosesində elektron formada iştirak edirlər.


Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.


Onun sözlərinə görə, Azərbaycanda elektron səsvermə ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) heç bir açıqlama verməyib:


“Ötən seçkilərdə isə MSK rəsmiləri bu məsələnin nəzərdən keçirildiyini, lakin hələlik heç bir konkret qərarın olmadığını bildiriblər.


Xatırlayıram ki, 2000-ci illərdə buna cəhdlər oldu, lakin sonralar bu proses davam etdirilmədi.Ölkəmizdə son zamanlarda rəqəmsal transformasiya sahəsində bir sıra irəliləyişlər olub. MSK-nın təkmil rəqəmsal xidmətləri var. Ən əsası isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vətəndaşların identifikasiyası üçün “SİMA”(bulud, açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil gücləndirilmiş rəqəmsal imzadır) rəqəmsal imzanı istifadəyə verib. “SİMA” bir çox sahələrdə artıq tam formada istifadə edilir. Biometrik texnologiyaya əsaslanan bu identifikasiya vasitəsindən istifadə etməklə az sayda məntəqələrdə olsa da vətəndaşların elektron formada səsvermədə iştirakını sınaqdan keçirmək faydalı və doğru olardı. Fikrimcə MSK bunu reallaşdıra bilərdi”.


Osman Gündüz bildirib ki, qarşıdakı seçkilərdə bu elektron səsvermənin nəticələrindən daha effektiv faydalanmaq olar:


“Digər əsas məsələ isə veb-kameraların quraşdırılmasıdır. Azərbaycanda indiyədək təxminən 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Xatırlayıram ki, bu proses regionda ilk dəfə olaraq Azərbaycanda reallaşıb. Seçkilərin müşahidəsi üçün bu texnologiya da mühüm əhəmiyyət kəsb edir. Ölkə üzrə nəhəng fiber optik infarstruktur qurulub. Yəni nəinki seçki dairələri, hətta kəndlərdə və ucqar ərazilərdəki çox sayda seçki məntəqələri üçün də artıq keyfiyyətli internet əlçatandır.Eyni zamanda statistikadan görünür ki, Elm və Təhsil Nazirliyi də son bir neçə ildə əvvəlki illərlə müqayisədə daha çox məktəbi genişzolaqlı internetlə təmin edib. Məntəqələr də adətən məktəblərdə yerləşir.Buradan belə qənaətə gəlmək olar ki, MSK veb-kamera ilə təmin edilən seçki məntəqələrinin sayına yendiən baxa bilər. 


Yalnız rayon və şəhər mərkəzlərində yerləşən məntəqələri deyil, artıq kəndlərdə yerləşən seçki məntəqələrini də veb-kameralarla təmin etmək faydalı olardı”.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR