Zərərlə işləyən ADY dövlət büdcəsinə ağır yükdür...

Zərərlə işləyən ADY dövlət büdcəsinə ağır yükdür...

2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) baş verən rəhbər dəyişikliyindən sonra cəmiyyətin qurumdan gözləntiləri hələ də özünü doğrultmayıb. Qurum daxilində yürüdülən kadr siyasəti, tenderlərdə qaliblərin müəyyənləşdirilməsi, şirkətin dövlət maliyyəsi üçün yaratdığı risklər əvvəlki halından fərqlənmir. Hələ də ADY-də kadrlar yaxınlıq, qohumluq əlaqəsi ilə təyin edilir, tenderlər yaxın şirkətlərə verilir və ən əsası dövlət şirkətinin xərclərinin dövlət büdcəsi üzərində ciddi maliyyə yükü qalır.  


Sfera.az xatırladır ki, ADY-nin rəhbəri Rövşən Rüstəmovdur və o, bu vəzifəyə 2022-ci ilin oktyabrın 26-da təyin edilib. R.Rüstəmovun ADY rəhbərliyinə gəlişi Rəşad Nəbiyevin 2021-ci ilin yanvarında rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəsinə təyin olunmasından sonra baş verib. 

 

Nazirə yaxınlığı ilə vəzifəyə gələn rəhbər


ADY-nin rəhbəri nazir ilə eyni ali təhsil müəssisəsini (Dövlət İdarəçilik Akademiyasını) bitirib və vaxtilə “Azərkosmos” ASC-də bərabər çalışıblar. R.Nəbiyev nazir olandan sonra R.Rüstəmov öncə nazir müavini, daha sonra isə ADY rəhbəri vəzifəsinə təyin edilib. 

 

Vəzifəyə təyinatda yaxınlıq münasibətlərinin yaratdığı imkanlardan R.Rüstəmovun qardaşı da faydalanıb. ADY sədrinin qardaşı Heydər Rüstəmov 2022-ci ilin oktyabrında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə sədr müavini təyin edilib. H.Rüstəmov sədr müavini olmaqla bərabər ona Bakı Nəqliyyat Agentliyində rəhbərliyi həyata keçirmək səlahiyyəti də verilib. H.Rüstəmov sədr müavini təyin edilməmişdən öncə Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsində çalışırdı.

 

Dostluq, yaxınlıq əsasında işə götürülən kadrlar və maddi haqsızlığa uğrayan əməkdarlar


Müxtəlif media qurumlarında, sosial şəbəkələrdə yayılan məlumatlardan aydın olur ki, ADY daxilində yürüdülən kadr siyasətində yaxınlıq, dostluq əlaqələrinin olması əsas götürülür. İllərlə bu sahədə çalışmış, dərin təcrübəsi olan, ixtisaslı kadrların bir çoxu vəzifəsindən kənarlaşdırılaraq onların yerinə sahə biliyi zəif olan, təcrübəsiz kadrlar gətirilir. Yeni kadrların digərləri ilə müqayisədə daha yüksək əməkhaqqı aldığına dair iddialar da var.

 

Dövlət büdcəsinə ağır yük olan qurum

 
ADY Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur. Bu dövlət şirkətində rəhbər dəyişikliyini zəruri edən əsas səbəblərdən biri idarəetmənin düzgün təşkil edilməməsi, qurumun dövlət büdcəsi üçün ağır yükə çevrilməsi olub. İllərlə aparılan səhv siyasət nəticəsində ADY zərərlə işləyən dövlət müəssisəsinə çevrilib. Bu şirkətin zərərlə işləməsi dövlət büdcəsinin səmərəliliyini azaldır, büdcədən daha çox subsidiyaların ayrılmasını zəruri edir. Amma problem sadəcə subsidiyalardan ibarət deyil. Büdcədən ayrılan vəsaitlər kifayət etmədiyindən xaricdən böyük məbləğlərdə borc da cəlb edilir. Həmin borcların böyük hissəsi ADY-nin investisiya layihələrini maliyyələşdirmək üçün istifadə olunur. Şirkətdə idarəetmə düzgün təşkil edilmədiyindən, izafi xərclərə yol verildiyindən alınan borcların qaytarılmasında çətinlik yaranır və buna görə də həmin vəsaitlərin bir hissəsi dövlət büdcəsinin hesabına qaytarılır.

 

Qeyd edilən hallar dövlət büdcəsindən sosial məqsədlər üçün daha çox vəsait ayrılmasının qarşısını alır. Beynəlxalq təcrübənin təhlili göstərir ki, dövlət müəssisəsi dövlət maliyyəsinə və büdcə dayanıqlılığına təsirə malik olduğundan risk mənbəyi hesab edilir. Əgər dövlət müəssisəsi dövlət büdcəsindən istifadə etdiyi vəsaitlə müqayisədə dövlət büdcəsinə az vəsait köçürürsə, bu qurum dövlət büdcəsi üçün ciddi maliyyə yükünə çevrilir.ADY artıq belə bir mövqeyə sahibdir. Son məlumatlara görə, onun dövlət büdcəsinə ödədiyi vergi və digər ödənişlərin məbləği dövlət büdcəsindən aldığı vəsaitdən xeyli azdır. Son məlumatlara görə, ADY büdcəyə il ərzində 59-60 milyon manat ödədiyi halda, büdcədən 600-700 milyon manat vəsait alır.  

 

1 milyard dollar xarici borc...


Bu qurumun fəaliyyəti nəticəsində yaranan xarici borc da çoxdur. 2023-cü ildə istifadə edilən xarici borc məbləği 722 milyon dollar olub, daha 300 milyon dolların alınmasına dair razılaşma da bağlanıb. Yeni razılaşmalarla dövlət şirkətinin xarici borcu 1 milyard dolları ötəcək... 

 

Qurumun fəaliyyətində şəffaflıq yoxdur

 

Şirkətin xərclərinin hansı mənbələr hesabına artması, ayrılan subsidiyaların hansı məqsədlə istifadə edilməsi məlum deyil. Çünki şirkətin fəaliyyətində hesabatlılıq və şəffaflıq yoxdur, zəruri məlumatlara çıxış imkanları məhduddur. 


ADY-nin idarə edilməsi nəticəsində yaranan ağır maliyyə təminatı idarəetmənin məhz düzgün təşkil edilməməsindən qaynaqlanır. Buna görə də ötən ilin sonunda Prezident İlham Əliyev ADY-nin fəaliyyətinin, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.


Ümid edək ki, ADY rəhbərliyi şirkətdə illərdir formalaşan pis ənənəyə, qeyri-peşəkar idarəetməyə son qoyacaq və dövlət qurumunda ədalətli kadr və düzgün maliyyə siyasəti həyata keçiriləcək. 

 

Orxan


OXŞAR XƏBƏRLƏR