Sülh müqaviləsi qapıdadır: Qərbi Azərbaycana qayıdırıq - ŞƏRH

Sülh müqaviləsi qapıdadır: Qərbi Azərbaycana qayıdırıq - ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Ermənistanla sülh prosesindən danışıb. O deyib ki, danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir.

 

Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov prezident İlham Əliyevin dediklərini şərh edib.

 

Siyasi şərhçi bildirib ki, Azərbaycan sülh üçün bütün səylərini ortaya qoyur:

 

“Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas prioriteti sülh müqaviləsi ilə bağlıdır. Rəsmi Bakı qalib tərəf olmasına baxmayaraq, regionda sabitliyin və əməkdaşlığın təmin olunması ilə bağlı dəfələrlə qarşı tərəfə təkliflər göndərib. Bütün cəhdlərimizə baxmayaraq, İkinci Qarabağ müharibəsinin üzərindən iki il keçməsinə rəğmən, hələ də sülh sazişi imzalanmayıb. Ermənistan bu və ya digər formada prosesdən yayınır. Qeyd etmək lazımdır ki, bu məsələdə, yəni, İrəvanın destrukriv siyasətində üçüncü güclərin xüsusi rolu var. Onlar zaman-zaman ya Ermənistana təzyiq göstərir, ya da bu dövləti şirnikləndirirlər. Beləliklə, Ermənistanın sülh müqaviləsindən yayınmağına şərait yaradırlar.

 

Amma məhz Azərbaycanın hərbi-diplomatik uğurları nəticəsində ötən illər ərzində ciddi nəticə əldə olunub. Təsadüfi deyil ki, bir vaxtlar "Qarabağ Ermənistandandır, nöqtə" deyən Baş nazir Nikol Paşinyan sonradan Qarabağın  Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan etdi. Bu gün isə İrəvan sülhün alternativinin olmadığını elan edir. Əminliklə deyə bilərik ki, hər ötən gün sülh müqaviləsinə daha çox yaxınlaşırıq”.

 

Ekspertin sözlərinə görə, prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, sülh sazişinin əsas elementlərindən biri ermənilərin Qarabağda yaşaması, azərbaycanlıların isə öz tarixi torpaqlarına - Qərbi Azərbaycana qayıtmalarıdır:

 

“İrəvan hələ ki, bu barədə konkret bir söz deməyib. Amma yenə də Azərbaycan liderinə istinad etsək deyə bilərik ki, bu məsələ qarşılıqlı şəkildə həllini tapa bilər. Çünki dövlət başçısı sülh sazişi üçün hansısa ciddi maneənin olmadığını söyləyib.

 

Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması kifayət qədər mühüm, taleyüklü və strateji əhəmiyyətli məsələdir. Beləliklə, hər şeydən əvvəl tarixi ədalət bərpa olunacaq. İkincisi, sülh sazişinin dayanıqlılığı təmin olunacaq. Növbəti savaş ehtimalı minimuma düşəcək. Üçüncüsü, ermənilərin Qarabağda, azərbaycanlıların Qərbi Azərbaycanda yaşaması ilə tədricən xalqlar arasında da qarşılıqlı etimad mühiti bərpa olunacaq. Bu isə regional sabitlik və əməkdaşlıqla nəticələnəcək”.

 

Mütəxəssis sonda qeyd edib ki, qarşıdakı bir neçə ay ərzində, bəlkə də, ilin sonuna qədər sülh sazişinin imzalanması mümkündür.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR