“Ermənistan ordusu yeni səngərlər qazır, müharibə başlaya bilər” - AÇIQLAMA
“Ermənistan ordusunun yeni səngərlər qazdığına dair xəbərlər yayılır”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də bizim sülh niyyətimizə adekvat cavab verməyib:
“Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri budur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hələ də siyasi iradə göstərə bilmir. Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazdakı sülhdə, həmçinin Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasında maraqlı deyil. Buna görə də Vaşinqton və Paris bütün imkanları ilə sülh müqaviləsinə mane olmağa çalışır. Son zamanlar Fransanın Ermənistanı silahlandırmasına dair məlumatlar yayılır. Əslində bu, heç də təəccüblü deyil. Çünki Qərb Ermənistanla münasibətdə faktiki olaraq “kökə və qamçı” siyasətini tətbiq edir. Paris və Vaşinqton bəzən şirnikləndirməklə, bəzən də təzyiqlərlə İrəvanı sülh müqaviləsindən yayındırır”.
Müsahibimiz bildirib ki, qeyd edilən məqamlara görə diqqətli olmaqda fayda var:
“Yeni döyüşlər başlaya bilər. Bu, üçüncü güclərin təhriki ilə Ermənistanın qurban seçilməsinin nəticəsi olacaq. Rəsmi İrəvan ən qısa vaxtda siyasi iradə göstərib, Azərbaycanla danışıqlar masasına oturmasa, “yanacaq””.
Günay