74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başladı - FOTOREPORTAJ

74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başladı - FOTOREPORTAJ

Bu gün Bakıda Azərbaycanın Kosmik Agentliyinin ("Azərkomos") və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi başlayıb.

 

Sfera.az xəbər verir ki, tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri, ümumilikdə 101 ölkədən 5 mindən çox nümayəndə qatılacaq.

 

Beynəlxalq Astronavtika Konqresində 150 şirkət sərgi pavilyonunda təmsil olunur.

 

 

Sərgidə iştirak edən agentlik və şirkətlər arasında ABŞ-nin “Milli Aeronavtika və Kosmos Administrasiyası” (NASA), İtaliyanın “Agenzia Speziale Italiana” kosmik agentliyi, Yaponiyanın “JAXA” kosmik agentliyi, “AIRBUS” şirkəti, Kanadanın innovasiya mərkəzi “INO”, Hindistanın kosmik agentliyi “ISRO”, Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzi “CNES”, Türkiyənin “Türkiye Uzay Ajansı” kosmik agentliyi və digər beynəlxalq şirkətlər yer alıb.

 

Beynəlxalq Astronavtika Federasiyasının (IAF) təşkilatçılığı və Türkiye Kosmik Agentliyinin (TUA)  platin sponsorluğu ilə keçirilən konqresin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə reallaşıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib.

 

 

Azərbaycan dövlət  başçısı Əliyev ölkəsinin xarici siyasətinə toxunaraq deyib:

 

"Avropa institutları ilə əməkdaşlığımız uğurla inkişaf edir. Avropa İttifaqının bir neçə üzvü ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu onu nümayiş etdirir ki, bizim xarici siyasətimiz açıqdır, əməkdaşlığa yönəlib və daha geniş regional inkişafa xidmət edir".

 

Azərbaycanın iki mühüm beynəlxalq təsisatın - İƏT-in və Avropa Şurasının üzvü olduğunu xatırladan dövlət başçısı vurğulayıb: “Azərbaycan azsaylı ölkələrdən biridir ki, hər iki təsisatın üzvüdür. Bu iki vacib təşkilat 100-dən artıq ölkələri birləşdirir”.

 

 

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinə toxunan Əliyev deyib: "Biz dünyanın enerji təhlükəsizliyinə töhfə veririk. Azərbaycan əməkdaşlıq etdiyi ölkələr üçün etibarlı tərəfdaşdır". 

 

Azərbaycan Prezidenti regiondakı vəziyyətə və Qarabağın işğalına son qoymaq qərarlarına da toxunaraq, "Biz işğaldan azad etdiyimiz əraziləri bərpa edirik. İndi sülh və əməkdaşlığa yönəlmişik" deyib. 

 

Bakı Konqresi çərçivəsində konfranslar, texniki sessiya və sərgilər təşkil olunacaq. Texniki sessiyalar Heydər Əliyev Mərkəzində baş tutacaq.

 

Qeyd edək ki, növbəti Beynəlxalq Astronavtika Konqresi İtaliyanın Milan şəhərində baş tutacaq. 2026-cı ildə keçiriləcək konqresin namizəd ölkələrdən Türkiyədə, yoxsa Polşada keçiriləcəyi də həmin tədbirdə bəlli olacaq. 2026-cı ildə Konqresin keçiriləcəyi şəhər isə Bakı Konqresi çərçivəsində seçiləcək və elan olunacaq.

 

Qeyd edək ki, konqres sessiyalar və sərgilərlə oktyabrın 6-dək davam edəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR