"Ukrayna ordusu bacarmır, riskdən qorxur..." - ABŞ ilə Kiyev arasında GƏRGİNLİK YARANDI
ABŞ rəsmiləri ilə Ukrayna hərbçiləri arasında mübahisə yaranıb.
Sfera.az bildirir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, tərəflər bir-birini keçirilən təlimlərlə bağlı ittiham edir. Belə ki, NATO mütəxəssisləri təlim keçdiyi Ukrayna hərbçilərinin müasir üsulları mənimsəyə bilmədiklərini vurğulayıb. Ukraynalı əsgərlər isə əksinə, onlara lazımi təlim keçə bilməyən alyansı tənqid edib.
Ukrayna Silahlı Qüvvələrinin 78-ci Xüsusi Təyinatlı Alayının ukraynalı komandiri qəzetə açıqlamasında bunları deyib: “Qərb hərbçilərinin mənə öyrətdiklərini etsəydim, öləcəkdim. Onlar bizə yaxşı məsləhətlər versələr də, bəziləri zərərli idi”.
Qəzet qeyd edib ki, Qərb və Ukraynanın planlarına Rusiya mövqelərinin sürətlə dağıdılması daxil idi:
"Lakin Ukrayna Rusiya Silahlı Qüvvələrinin havada və möhkəmləndirilmiş müdafiə xəttinin üstünlüyünə görə bunu edə bilməyib. Buna görə də əməliyyatın başlamasından 3 ay sonra Ukrayna və Qərb ölkələri arasında döyüş meydanında taktika mübahisəsi yaranıb. Hər iki tərəf günahı bir-birinin üzərinə atır”.
Mövzu ilə bağlı amerikalı siyasətçilər bunları bildirib: “Təlim zamanı Ukrayna mexanikləşdirilmiş piyada, artilleriya və hava hücumundan müdafiəni birləşdirən müasir əməliyyat üsullarını mənimsəyə bilmədi. Onların ordusu riskdən çəkinirdi”.
Xatırladaq ki, Ukrayna iyunun əvvəlində əks-hücum əməliyyatına başlayıb. Üç aylıq döyüşlər zamanı ölkə ordusu ciddi uğur qazana bilməyib.
Günay Rəsulqızı